"Məncə, İranda rejimin dəyişdirilməsi ilə bağlı ciddi problem yoxdur. Əgər ABŞ və İsrail və onların tərəfində olan güclər İranda rejimi içəridən dəyişmək istəsələr, bunu rahat bir şəkildə həyata keçirə biləcəklər. İraq və Suriya ilə müqayisələr isə yerinə düşmür. Bəzi təhlilçilər iddia edir ki, orada İraq və Suriya ssenariləri təkrarlana bilər, amma bu baş verməyəcək. Bunun səbəbi birincisi, rejim kifayət qədər laxlayıb və faktiki olaraq çöküb. İkincisi, İran xalqı ötən dekabrın sonunda və bu ilin yanvarın əvvəlində ayağa qalxdı, küçələrə çıxdı və göstərdi ki, rejimə qarşıdır. Yəni, xaricdən müdaxilə olsa da, İran xalqı rejimin çöküşünün tərəfində olacaq. İkincisi, İran dəyişməyə məhkumdur, başqa yolu yoxdur. Faktiki olaraq Fars molla rejimi getməlidir. Əks halda, İran bundan sonra qurtulamayacaq. Rejim getdikdən sonra isə yeni qüvvələrə və ya lider axtarışına ehtiyac yoxdur, çünki yerlərinə gələcək şəxs artıq hakimiyyətdədir. Ağlı başında olan Məsud Pezeşkian, İran prezidenti olaraq hakimiyyətə tam sahiblənərsə, çox qısa müddətdə İranda nizam-intizam yaradılacaq".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, Yaxın Şərqdəki gərginliklər və İran üzərində beynəlxalq təzyiqlərin artması “rejim dəyişməsi” ehtimalını yenidən gündəmə gətirib. Bəzi xarici müşahidəçilər hesab edirlər ki, ABŞ Tehranla razılığa gəlməkdən daha çox hakimiyyəti dəyişdirilmiş yeni bir rəhbərlik qurmağı üstün tutur və bunun üçün aktiv xarici müdaxilə variantını nəzərdən keçirə bilər. Eyni zamanda, bir sıra ekspertlər xəbərdarlıq edirlər ki, belə müdaxilə nəticəsində mövcud rejimin məcburi şəkildə dəyişdirilməsi sonradan İraq və Əfqanıstandakı kimi xaotik vəziyyətin yaranmasına yol aça bilər.
Siyasi şərhçi qeyd edib ki, o, qonşularla münasibətləri düzgün qiymətləndirir və qərblə dialoqa açıqdır.
"Əlavə olaraq, o, elmin gücünü dəyərləndirir və dövlət idarəçiliyində dini faktorların dominant olmasını tələb edənlərdən deyil. Normal bir insan kimi istənilən şəxslə, istənilən liderlə masa arxasında danışa bilər. Bu vəziyyətdə əlavə lider axtarışına ehtiyac yoxdur. Düzdür, etirazlar fonunda şahın nəvəsi Rza Pəhləvinin ətrafında müəyyən manipulyasiyalar oldu, amma hadisələr göstərdi ki, ondan lider olmaz, İran xalqı bu məsələdə ciddi şəkildə bölünür və fikir birliyi yoxdur. Başqa iddialı lider tapmaq indiki şəraitdə çətindir. Ona görə də ən real variant Prezident Məsud Pezeşkian hesab olunur. Qərbdə də ehtimal ki, buna diqqət yetirilib və dəyişikliyə gediləcəyi təqdirdə onun üzərində dayanacaqlar. Bu, ən optimal çıxış yoludur. Nüvə məsələsinə gəlincə, Pezeşkian hakimiyyət sahibi olacağı təqdirdə bu istiqamətdə açıq müzakirələr aparılacaq. İranın nüvə proqramından imtina ehtimalı yüksəkdir, çünki dünyayla dil tapdıqları təqdirdə nüvə silahına ehtiyacları olmayacaq. Əslində, hazırda da buna ehtiyac yoxdur. Kim İrana hücum etməyə cəsarət edər? ABŞ-nin potensialı ilə İranın potensialı müqayisə edilə bilməz. Hələ İran nüvə silahı hazırlamaq istəsə belə, ABŞ əlində ən azı 5 min nüvə başlığı ilə İranı bir neçə saniyədə məhv edə bilər. Buna görə bu, ağla uyğun bir şey deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az