“Gənclər üç növ rəqəmsal asılılıqla üz-üzədir” -Hüseyn İbrahimov

11 Fevral 2026 22:58 (UTC+04:00)

"Dünyada gənclərin zorakılıq halları ilə bağlı faktlar çox illər əvvəl başlayıb. Biz belə hallara əvvəllər də rast gəlirdik, mətbuatlar da bu barədə yazırdı. Lakin qloballaşan dünya, onun kommunikasiya təsirləri, müxtəlif oyunlar, özünə qapanmalar, elektron asılılıq və digər vərdişlər cəmiyyətimizdə bu halların, xüsusilə neqativ halların statistikasında artımlara səbəb olmuşdur. Ümumiyyətlə, məktəb və ailə Azərbaycan təcrübəsində həmişə bu tərbiyə işində səfərbər olmuşdur. Bu proses son illərə qədər davam edirdi və hazırda da müəyyən dərəcədə davam etməkdədir. Lakin indi tələbələr biliklərin bir çoxunu məktəbdə, kitabxanalarda və müəllimlərdən deyil, çox zaman onlayn şəbəkələrdən almalı olurlar. Elektron resurslardan istifadə edərək dərs tapşırıqlarını və ev tapşırıqlarını yerinə yetirmək məcburiyyətində qalırlar. Bu, yeniyetmələr və gənclərin, hətta erkən yaşlarda, məşğul şəbəkələrdən asılılığını artırır. Burada üç növ asılılıq müşahidə olunur: elmi asılılıq, təhsil asılığı və fərdi davranış asılığı. Onların bilik asılığı bu şəbəkələrdən faydalanmaq ehtiyaclarını ödəyir".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Xatırladaq ki, son dövrlərdə Azərbaycanda və dünya miqyasında cəmiyyətin təhlükəsizliyi ilə bağlı narahatlıq artmaqdadır. Məktəblərdə və ictimai yerlərdə baş verən zorakılıq hadisələri, gənclər arasında radikallaşma meylləri və sosial gərginliklərin yüksəlməsi cəmiyyətin müxtəlif təbəqələrini birbaşa təsir edir. Bu proseslərin səbəblərini anlamaq və onların sosial nəticələrini qiymətləndirmək sosiologiyanın əsas vəzifələrindən biridir. Sosial davranışın dəyişməsi, ailə institutunun rolu, təhsil sistemi və sosial media kimi faktorlar bu mövzuda mühüm rol oynayır.

Sosioloq qeyd edib ki, davranış asılığı digər asılılıq növlərindən daha mürəkkəbdir.

"Telefon və onlayn sistemlərdən istifadə edən gənclər müxtəlif oyunlar və proqramlarla məşğul olduqca, onların davranışının formalaşması prosesi gedir. Bu davranışın modifikasiyası onların əldə edə biləcəkləri biliklərin üzərinə təsir edir, hətta onları kölgədə qoymağa başlayır. Bu mühitin mənfi təsirlərini aradan qaldırmaq üçün ailə institutunun gücü kifayət etmir, məktəbin tək gücü də çatmır. Sosial medianın marifləndirici rolu burada əhəmiyyətli ola bilər. Məktəblərdə bu istiqamətdə dərslərin aparılmasına böyük ehtiyac vardır. Məsələn, media asılılığı və onun necə aradan qaldırılması yolları haqqında dərslər yalnız uşaqlar və yeniyetmələr üçün deyil, böyüklər üçün də lazımdır. Media asılılığı, rəqəmsal asılılıq və onlardan necə düzgün istifadə olunması barədə dərslər orta məktəblərdə, hətta ali məktəblərdə də həftədə ən azı bir dəfə keçirilməlidir. Biz yalnız yenilikləri öyrətməklə məşğul ola bilmərik, onun neqativ tərəflərindən qorunma yollarını da öyrətməliyik. Bugün süni intellekt çox müzakirə olunur, alimlər və siyasətçilər də bunun üzərində dayanır. Süni intellekt ölkəmizin inkişafı üçün mühüm prioritet sahədir. Lakin süni intellektdən istifadə zamanı insan kapitalının qorunması vacibdir. Süni intellekti idarə edən də insandır və insan kapitalı həmişə süni intellektdən üstündür. İnsan kapitalını qorumaq bacarığımız nə qədər çox olarsa, süni intellektin səmərəsindən də bir o qədər faydalana bilərik. Zorakılıq meyilləri artdıqca, davranışlara da təsir edir. Ünsiyyət insanların davranışını qorumağa kömək edir, lakin ünsiyyət getdikcə azalır və fərdlər, qruplar arasında soyuqlaşma meyilləri formalaşır. Valideyn-uşaq münasibətlərində, müəllim-şagird və qrup daxili münasibətlərdə də bu tendensiyalar müşahidə olunur. Bu gün sosial medianın yaratdığı imkanlardan düzgün istifadə etməyi öyrənməliyik ki, insan kapitalını qoruyub saxlaya bilək. Qərb ölkələrində rəqəmsal asılılığı azaltmaq üçün təşkilatlar yaradılıb və məktəblərdə uşaqların onlayn platformalardan əziyyət çəkməməsi üçün müəyyən keçid mərhələləri tətbiq olunur. Məsələn, bir oyun gün ərzində 5–8 saat oynanılırsa, uşağa fasilələr verilir: bir saat sonra rəsim çəkmək, bir saat sonra poeziya oxumaq, bir saat sonra gimnastik hərəkətlər etmək kimi. Belə proqramlaşdırılmış yanaşma həm onlayn istifadənin faydasını artırır, həm də neqativ davranışların qarşısını alır. Sosial şəbəkələr sürətlə inkişaf edir və gəncləri öz təsir dairəsinə alır, lakin burada nəzarət və ünsiyyət zəruridir. Bu, yalnız məktəb, media və ailə ilə həll olunmur. Onlayn platformaların təhlükəsiz istifadəsi ilə bağlı real strategiyalar və siyasətlər lazımdır. Bunun üçün ixtisaslaşmış təsisatlar, qruplar və təşkilatlar fəaliyyət göstərməlidir ki, onlayn davranışın yaratdığı neqativ tendensiyalardan gəncləri qoruya bilsin. Psixoloqlar və psixiatrlar yalnız son mərhələdə müdaxilə edə bilirlər, lakin əvvəlcədən preventiv marifləndirmə işləri aparılmalıdır. Bu məqsədlə orta məktəblərdə belə təsisatlar yaradılmalı, həm məktəbdə, həm də məktəbdən sonrakı həyatlarda ailə ilə birlikdə uşaqların və yeniyetmələrin davranış asılılığı ilə sıx iş aparılmalıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az