Ötən il Səngəçal terminalından 200 milyon bareldən çox neft və kondensat ixrac edilib

12 Fevral 2026 18:46 (UTC+04:00)

Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 209 milyon barel neft və kondensat ixrac edilib.

AzNews.az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə 2025-ci ilin yekunları ilə bağlı açıqladığı hesabatda qeyd edilib.

Məlumata görə, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə 15 milyon barel və ya 6,7 % azdır.

Bildirilib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

2025-ci ildə terminaldan həmçinin gündəlik orta hesabla 74,4 milyon kubmetrdən çox (təqribən 2 milyard 628 milyon kubfutdan çox) "Şahdəniz" qazı ixrac edilib. Bu da 2024-cü illə müqayisədə 1,6 milyon kubmetr və ya 2,1 % azdır.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.