UEFA-nın illik gəliri 5 milyard avronu ötüb

12 Fevral 2026 20:15 (UTC+04:00)

UEFA 2024/2025 mövsümünün maliyyə nəticələrini açıqlayıb.

Aznews.az xəbər verir ki, qurumun rəsmi saytında dərc olunan hesabata əsasən, bütün turnirlər üzrə ümumi gəlir 5 milyard avronu ötüb.

Bu göstərici əvvəlki mövsümlə müqayisədə 737 milyon avro çoxdur. Artımın əsas hissəsi kişilər arasında keçirilən klub turnirlərinin payına düşür.

Kişilər arasında klub yarışlarından əldə olunan ümumi gəlir 4,4 milyard avroya çatıb ki, bu da 2023/2024 mövsümü ilə müqayisədə 690 milyon avro çoxdur. Bu, maliyyənin yenidən klublara və yarışların inkişafına yönəldilməsinin də artmasına səbəb olub. Nəticədə klublara edilən ödənişlərin həcmi 3,4 milyard avroya çatıb - bu da ötən mövsümdən 400 milyon avro çoxdur.

Qurum həmçinin dəstək ödənişlərinin artırıldığını vurğulayıb. Bildirilib ki, ümumi yarış gəlirlərinin 10 faizi dəstək məqsədli ödənişlərə ayrılıb. Bu vəsaitin 308 milyon avrosu Avropa turnirlərində iştirak etməyən klublara yönəldiləcək ki, bu da ötən illə müqayisədə 76 faiz çoxluq təşkil edir. Bundan əlavə, seçmə mərhələlərdə mübarizəni dayandıran klublar üçün də əlavə maliyyə ayrılıb. Daha 25 milyon avro isə UEFA Gənclər Liqası və qadınlar arasında klub yarışlarının dəstəklənməsinə sərf olunacaq.