"Təhsil sahəsi gənclərin sosial mediadan istifadəsini azaltmaq istiqamətində ən fəal olan qurumlardan biridir. Təəssüf ki, burada müəyyən obyektiv və subyektiv maneələr özünü göstərir, və ailə ilə cəmiyyət də bu prosesdə gecikir, bəzən isə prosesi düzgün dəstəkləmək əvəzinə, ondan faydalanmağa çalışır. Mən sosial platformalardan istifadənin gənclərin həyatına mənfi təsir göstərdiyi fikrinə tam qətiyyətlə razı deyiləm. Bəli, bəzi hallarda müəyyən asılılıq, ziddiyyət və problemlər sosial şəbəkələrdən qaynaqlana bilər, amma bu, onları gənclərin sosiallaşmasının qarşısında baryer kimi göstərməyə əsas vermir".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Xatırladaq ki, rəqəmsal platformalarda uzun müddət vaxt keçirmək bu gün gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial media məlumat əldə etmək və ünsiyyət imkanlarını genişləndirsə də, onun həddindən artıq istifadəsi gənclərin psixoloji vəziyyətinə, emosional balansına və sosial bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər. Virtual mühitdə uzunmüddətli aktivlik real sosial əlaqələrin zəifləməsinə, diqqət dağınıqlığına və asılılıq davranışlarının yaranmasına səbəb ola bilər. Buna görə də sosial media asılılığının qarşısının alınması yalnız fərdi məsuliyyət deyil, eyni zamanda ailə və təhsil sistemlərinin koordinasiyalı yanaşmasını tələb edən cəmiyyət məsələsidir.
Sosioloq qeyd edib ki, sosial şəbəkələr əksinə, insanların bir-biri ilə ünsiyyətini, imkanlarını və potensialını artırır.
"Smartfonlar və internet texnologiyaları bu imkanları daha da genişləndirir, gənclərin daha fəal ünsiyyət qurmasına və şəxsi, ailə münasibətlərində balansı daha tez tapmasına kömək edə bilir. Bu məsələdə media siyasəti və təbliğatın rolu böyükdür. Təəssüf ki, media həmişə gənclərə optimal, real və effektiv davranış modellərini təqdim edə bilmir. Bəzən kütləvi izləyici uğrunda yarış bu prosesi fərqli istiqamətə yönəldə bilir. Bununla belə, sosial texnologiyalarla bağlı ən proqresiv və kreativ ideyalar məhz media mənsublarından gəlir və bu xüsusiyyəti nəzərə almaq vacibdir. Gənclərin sosial bacarıqlarının inkişaf etdirilməməsi ilə onların sosial mediaya bağlılığı arasında birbaşa əlaqə yoxdur. Burada yalnız qismən uyğunluq və korrelyasiya mövcuddur. Asılılıq bəzən ondan ibarətdir ki, gənclər hər şeyi internetdən axtararaq real sosial mühitdə, təhsildə və ailədə müsbət imkanları tapmağı unudurlar. Bu baxımdan psixososial və profilaktik tədbirlər zəruridir. Hesab edirəm ki, real sosial əlaqələr zəifləməyib. Məsələn, son dövrlərdə gənclərin internet vasitəsi ilə bir araya gəlib səyahətlər təşkil etdiklərini, kütləvi tədbirlər keçirdiklərini və sosial fləşmoblar həyata keçirdiklərini görürük. Bu baxımdan gənclərin fəaliyyəti kifayət qədər proqresiv və müsbətdir. Bununla yanaşı, problemlər də mövcuddur. Bunlar əsasən gənclərin bir hissəsinin texnologiyalardan düzgün istifadə etməməsi, sosial məsuliyyətin zəif olması və kiberməkanın neqativ təsirləridir. Bəzi gənclər texnologiyalardan başqalarını manipulyasiya etmək, sürətli və asan qazanc əldə etmək məqsədilə istifadə edir. Bu halların qarşısını almaq üçün hüquqi, sosial və təhsil mexanizmlərinin birgə işləməsi vacibdir. Sosial məsuliyyətin bərabər və effektiv paylaşdırılması, görülən işlərin mərhələli və sistemli aparılması önəmlidir. Mediada, cəmiyyətdə və dövlət qurumlarında bu məsələdə ümumi anlayış və həllər artıq formalaşmaqdadır".
Rəfiqə Namazəliyeva,
AzNews.az