Avropa İttifaqının (Aİ) İqlim və Enerji üzrə Merlər Razılaşması çərçivəsində Azərbaycanda bələdiyyələr üçün 5 milyon avro dəyərində layihələr həyata keçiriləcək.
Aznews.az xəbər verir ki, bunu Merlər Razılaşmasının Yerli Dayanıqlı İnkişaf koordinatoru Maksim Vereşçak "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Merlər Razılaşması çərçivəsində Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanmasında yardım göstərilir: "Layihələri maliyyələşməyə hazır vəziyyətə gətirmək üçün onlar üçün yaşayış və ictimai binaların enerji auditini həyata keçirmişik. Beləliklə, indi əlimizdə potensial investorlara təqdim edə biləcəyimiz 11 bina üzrə 11 sənəd var.
Bu layihələrin ümumi dəyəri 5 milyon avrodan çoxdur".
M. Vereşçak vurğulayıb ki, adı çəkilən layihələr Mingəçevir, Xırdalan, Şəki, Yevlax, Gəncə və Şamaxıda həyata keçiriləcək: "Söhbət Mingəçevirdə 3 yaşayış binası, Xırdalanda 1 məktəb və 1 uşaq bağçası, Şəkidə 3 uşaq bağçası, Yevlaxda 2 məktəb və 1 uşaq bağçasından gedir. Bu layihələrin reallaşdırılması nəticəsində bələdiyyələr ildə 200 min avroya qənaət edəcək. Bundan başqa, 3 300 meqavat elektrik enerjisinə də qənaət olunacaq. Bu, ildə 660 ton karbon emissiyasının azaldılması deməkdir".
Aznews.az