"Sülh quruculuğunda əsas siyasət strategiyalarından biri keçmiş münaqişə tərəfləri arasında iqtisadi əlaqələrin inkişafı və hətta qarşılıqlı iqtisadi asılılığın yaradılmasıdır. II Dünya Müharibəsindən sonra Avropanın müharibə aparan tərəflərini bir araya gətirən, savaşan Avropanı bugünkü vahid Avropaya çevirən strategiya da elə bu idi. Belə ki, müharibədən sonra Almaniyanın da iştirakı ilə yaradılan Kömür-Polad Birliyi sülh quruculuğuna xidmət edirdi. Beləliklə, qarşılıqlı iqtisadi bağlılıq sülh və sabitliyə, hətta uzunmüddətli perspektivdə rifaha və inkişafa töhfə verən vacib amildir. Bu, Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması baxımından da eyni dərəcədə vacib qiymətləndirilə bilər. Belə ki, Cənubi Qafqaz ölkələrinin SSRİ-nin dağılmasından sonra qazandıqları müstəqillik dövründə uzun müddət işğal, ərazi münaqişələri, siyasi və iqtisadi münasibətlərin bloklanması, kommunikasiya infrastrukturunun tamamilə dağılması baş vermişdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat və ticarət xətlərinin açılması ilə bağlı danışıqlar hazırda gündəmdədir. Tərəflər iqtisadi inteqrasiyanın siyasi münasibətlərə mümkün təsirlərini müzakirə edirlər.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə regionun geosiyasi taleyini dəyişib.
"Artıq işğalçı Ermənistan faktoru aradan qaldırılmış, ərazi bütövlüyümüz və suverenliyimiz tam anlamı ilə bərpa olunmuş və bütün bunlar, o cümlədən Ermənistanın daxili siyasi mühitində dəyişən tendensiyalar və elan olunan “Sülh Erası” Cənubi Qafqazda yeni vəziyyət yaratmışdır. Xüsusilə ABŞ-nin dəstəyi ilə tərəflər arasında sərhədlərin, ticarət-nəqliyyat yollarının açılmasına dair razılaşma əsasında bu istiqamətdə ötən yarım ildə mühüm nəticələr əldə olunmuşdur. Azərbaycan üzərindən Ermənistana taxıl və s. məhsulların ixracı, Azərbaycandan Ermənistana neft ixracı və s. məqamlar yeni tarixi dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Bu gün hər iki tərəfin vətəndaş cəmiyyəti nümayəndələri sərhədləri təhlükəsiz şəkildə keçir və qarşılıqlı dialoq qurur, “sülh körpüsü” yaradır. Növbəti mərhələdə TRIPP marşrutu adlandırılan Zəngəzur dəhlizinin, başqa sözlə regional kommunikasiyaların, o cümlədən avtomobil və dəmir yollarının, mümkündür ki, gələcəkdə real sülh zəminində həm də hava yollarının açılması, iki dövlət arasında ticarət-nəqliyyat əlaqələrinin daha geniş formada reallaşması gözlənilir. Bütün bunlar Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına təbii ki, töhfə verəcəkdir. Lakin qarşılıqlı iqtisadi bağlılığın Azərbaycanın xeyrinə asimmetrik şəkildə formalaşması gələcəkdə ölkəmizin regionun əsas güc faktoru olaraq çıxış etməsi baxımından vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az