"İranın dinc nüvə proqramını həyata keçirmək hüququna sahib olduğuna dair mövqeyi əslində beynəlxalq hüquq baxımından müəyyən qədər əsaslıdır, çünki İran 1968-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə üzv ölkə olaraq nüvə texnologiyalarından sülh məqsədilə istifadə etmək hüququna malikdir. Lakin məsələ burasındadır ki, ABŞ və digər Qərb dövlətləri İranın nüvə proqramının hərbi məqsədlər üçün istifadə oluna biləcəyindən narahatdırlar. Yəni başqa sözlə, İranın nüvəni artıq 60 faiz həcmində zənginləşdirməsi və beynəlxalq nəzarətin yetərincə təmin olunmaması səbəbindən İrana etimad yoxdur. Bu səbəbdən də tərəflər arasında nüvə proqramı üzrə ciddi fikir ayrılıqları mövcuddur. ABŞ-nin yanaşması İranın nüvə proqramının hərbi məqsədlərə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan, İranın nüvə proqramı ilə bağlı müxtəlif fikirlər tərəflər arasında mövcud olan güvən problemi üzərində qurulmuşdur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, fevralın 6-da Omanda baş tutan ABŞ-İran görüşləri tərəflərin ortaq məxrəcə gələ bilməməsi səbəbindən diplomatik gərginliyi artırdı. Bu, ABŞ-nin 12 günlük qarşıdurmadan sonra İranın nüvə obyektlərinə zərbə vurması nəticəsində iki ölkə arasında baş tutan ilk diplomatik təmas idi. Görüşdən sonra İran Xarici İşlər naziri Abbas Əraqçi əvvəlki müharibə və danışıqlardan çıxarılan dərsləri qeyd etdi. O, həmçinin İranın dinc nüvə proqramını həyata keçirmək hüququna malik olduğunu vurğuladı. ABŞ prezidenti isə bildirdi ki, nüvə proqramı üzrə razılıq əldə olunmasa, İrana qarşı sərt tədbirlər görüləcək. Nəticədə, tərəflərin qarşılıqlı ziddiyyətli mövqeləri diplomatik gərginliyi davam etdirir.
Siyasi şərhçi qeyd edib ki, İran öz nüvə proqramının sülh məqsədli olduğunu təsdiqləmək istəyir, ABŞ isə proqramın potensial təhlükələrini məhdudlaşdırmağa çalışır.
"Bu vəziyyətdə Rusiya və Çin təbii olaraq mühüm rola malikdir. Hər iki ölkə İranla sıx iqtisadi və diplomatik əlaqələrə malikdir və onların İranın nüvə proqramına dəstəyi ABŞ və digər Qərb ölkələrinin təzyiqlərinə qarşı balans yaratmağa hesablanıb. Rusiya öz geosiyasi maraqlarını qorumaq məqsədilə İranın nüvə proqramını müdafiə edir. Rusiya, həmçinin nüvə agentliyi ilə İran arasında daha sıx əməkdaşlığı dəstəkləyərək proqramın dinc məqsədlər üçün olsa belə həyata keçirilməsini təmin etməyə çalışır. Çin də İranın nüvə texnologiyalarından istifadəsinə dair mülayim mövqe sərgiləyir. Bu da təbiidir. Çünki Çin İranın mühüm ticarət tərəfdaşıdır və bu münasibət onun diplomatik mövqeyinə təsir edir. Çinin İranın nüvə proqramını dəstəkləməsi ABŞ ilə geosiyasi mübarizənin bir hissəsi kimi də qəbul olunmalıdır. Ümumiləşdirərək qeyd edim ki, İranın dinc nüvə proqramını həyata keçirmək hüququ beynəlxalq hüquq baxımından əsaslı olsa da, proqramın hərbi məqsədlər üçün istifadə edilib-edilməyəcəyinə dair narahatlıqlar mövcuddur. Bu baxımdan, Rusiya və Çin İranın mövqeyini dəstəkləsə də, Qərb ölkələri və xüsusilə ABŞ İranın nüvə proqramı ilə bağlı daha çox şəffaflıq və etibarlı yoxlama sistemləri tələb edir. Odur ki, gələcəkdə bu məsələnin necə həll ediləcəyi böyük ölçüdə həm Rusiya və Çinin diplomatik rolundan, həmçinin ABŞ və İranın əməkdaşlıq etməyə nə qədər hazır olmalarından asılı olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az