"Hazırda Ağ Evdə Ukrayna müharibəsinin dayandırılması prosesi ilə bağlı müəyyən tərəddüdlər mövcuddur və bu, xüsusilə Tramp administrasiyasının nümayəndələrinin açıqlamalarında da hiss olunur. Əsas məsələ ondan ibarətdir ki, rəsmi Kiyev ABŞ-nin təzyiqlərinə baxmayaraq Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini qoruyur və nə Donbası, nə də Zaporojye Atom Elektrik Stansiyasını Rusiyaya vermək niyyətində deyil ki, bu da sülh danışıqlarında ciddi çətinliklər yaradır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüş gözlənilir. Rubio görüşün böyük ehtimalla baş tutacağını desə də, onun rəsmi cədvəldə olub-olmadığını dəqiqləşdirməyib. Vaşinqtonun son ritorikasındakı yumşalma fonunda bu təmas müharibənin gedişinə təsir edə biləcək əhəmiyyətli mesajlarla yadda qala bilər.
Siyasi şərhçi bildirib ki, digər tərəfdən Rusiyanın mövqeyində son dövrlərdə ciddi sərtləşmə müşahidə olunur və Kreml əvvəlki mərhələlərdə əldə edilmiş razılaşmalar əsasında sülh sazişinin hazırlanmasını tələb etməklə yanaşı, prosesi yenidən başlanğıc mərhələsinə qaytarmağa çalışır.
"Moskva Ukraynanın Avropa Birliyinə üzvlüyünə qarşı çıxır və hesab edir ki, bu, dolayısı ilə NATO-nun Rusiyaya daha da yaxınlaşması demək olacaq, çünki Avropa Birliyinə üzv ölkələrin əksəriyyəti NATO üzvüdür və bu baxımdan Ukraynanın faktiki olaraq NATO üzvü kimi davranacağından narahatlıq var. Mövcud vəziyyət göstərir ki, Rusiya hazırda sülhə deyil, daha çox gərginliyin artmasına yönəlik addımlar atır və bəzi ehtimallara görə yaxın aylarda daha genişmiqyaslı və dağıdıcı hərbi əməliyyatlara başlaya bilər, məqsəd isə həm Ukraynanı, həm də Qərbi irəli sürülən şərtləri qəbul etməyə məcbur etməkdir, Qərb kəşfiyyatının yaydığı məlumatlarda da Rusiyanın mümkün hücumlar üçün əlavə qüvvələr topladığı bildirilir ki, bu da müharibənin daha intensiv və dağıdıcı mərhələyə keçə biləcəyi ehtimalını artırır".
Rəfiqə Namazəliyeva,
AzNews.az