"İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirə zamanı dövlət başçısı süni intellektin geniş tətbiqi, onun orta ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsi, data-analitika üzrə zəruri bazaların formalaşdırılması, rəqəmsallaşma sahəsində islahatların dərinləşdirilməsi və müasir kadr hazırlığı ilə bağlı konkret tapşırıqlar verib. Bu göstərişlər Azərbaycanın rəqəmsal transformasiya strategiyasında yeni mərhələyə keçidin sürətləndiyini göstərir. Prezidentin vurğuladığı məsələlər yaxın perspektivin əsas prioritetləri kimi qiymətləndirilir. Çünki dünya sürətlə rəqəmsallaşma və süni intellekt mərhələsinə qədəm qoyur. Yaxın illərdə süni intellektin bir çox sahələrə ciddi təsir göstərəcəyi gözlənilir. Aparıcı dövlətlərin bu istiqamətə yüz milyardlarla dollar sərmayə yatırması da bunun göstəricisidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə təhsil sistemindəki yeni çağırışları diqqətə çatdırıb. Rəqəmsal inkişaf, süni intellekt və kadr hazırlığı məsələlərinin prioritet olması sistemli yanaşmanın vacibliyini göstərir. Dövlət başçısı ali məktəblərdə və xaricə dövlət xətti ilə göndərilən tələbələrin ixtisas üzrə peşəkarlığının artırılmasını, həmçinin orta məktəblərdə şagirdlərə ilkin biliklərin verilməsi üçün tədris proqramlarında dəyişikliklərin edilməsini vurğulayıb.
Ekspert vurğulayıb ki, gələcəyin texnologiya nəhəngləri ilə rəqabət aparmaq üçün əsas addımların artıq indi atılması zəruridir.
"Bu baxımdan süni intellekt üzrə dərs vəsaitlərinin hazırlanması, proqramlara inteqrasiyası və məktəblərdə tədrisinin təşkili xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda ali təhsil müəssisələrində bu sahə üzrə ixtisasların yaradılması və tədrisin müasir tələblərə uyğun qurulması zəruridir. Bu təşəbbüs dövlət başçısının strateji və uzaqgörən yanaşmasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısının ali təhsil müəssisələrinin rəhbərlərinə ünvanladığı tapşırıqlar da xüsusilə diqqət çəkir. Kadr hazırlığının müasir dövrün çağırışlarına uyğunlaşdırılması, yüksək texnologiyalar və rəqəmsal biliklərə sahib mütəxəssislərin yetişdirilməsi əsas prioritet kimi müəyyənləşdirilib. Hazırda ali məktəblərdə praktiki bacarıqların yetərli səviyyədə olmaması məzunların əmək bazarına inteqrasiyasında müəyyən çətinliklər yaradır. Universiteti bitirən gənclərin iş dünyasına adaptasiyasında müşahidə olunan problemlər bu sahədə islahatların vacibliyini göstərir. Prezidentin tapşırıqları ali təhsil müəssisələrində kadr hazırlığı istiqamətində daha sistemli və nəticəyönümlü tədbirlərin həyata keçirilməsini sürətləndirə bilər. Gələcəkdə ali məktəb məzunlarının müasir texnologiyalar və rəqəmsal praktikalar üzrə yetkin biliklərə malik olması, həm dövlət, həm də özəl sektorun ehtiyac duyduğu kadr tələbatını ödəməsi əsas hədəflərdən biridir. Dövlət proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alan gənclərin isə beynəlxalq təcrübəni ölkəyə gətirməsi və onun tətbiqinə töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Süni intellektin təhsil prosesinə inteqrasiyası qiymətləndirmə və imtahan sisteminə müəyyən təsir göstərə bilər. Xüsusən də Dövlət İmtahan Mərkəzinin yoxlama prosesində və orta ümumtəhsil məktəblərində şagirdlərin tapşırıqlarının qiymətləndirilməsində müəllimlər süni intellektdən sui-istifadə hallarına diqqət yetirməlidirlər. Valideynlər də evdə uşaqlarının süni intellekt vasitəsilə ev tapşırıqlarını olduğu kimi köçürməsinə nəzarət etməlidirlər. Belə halların baş verməsi şagirdlərin zehni inkişafının qarşısını ala və gələcəkdə müəyyən problemlərin formalaşmasına səbəb ola bilər. Şagirdlər süni intellekt proqramlarından məlumat toplamaq və qısa zamanda məlumat əldə etmək üçün istifadə edə bilərlər, amma tapşırıqları öz bilik və bacarıqları ilə yerinə yetirməlidirlər. Yəni, süni intellektdən faydalanmaq olar, lakin şagirdin öz zəkası və düşüncəsi ilə tapşırıqları hazırlaması vacibdir. Tapşırıqların tamamilə süni intellekt vasitəsilə həll etdirilməsi isə gələcəkdə şagirdlərdə ciddi problemlər yarada bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az