Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi şənbə və bazar günü rayonlara səfər edən sürücülərə müraciət edib.
Aznews.az xəbər verir ki, müraciətdə deyilir:
"Şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axını artır. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır. Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edir. Uzun məsafələrdə isə yorğunluq hiss etdikdə qısa fasilə vermək zəruridir".
"Səfər boyunca diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadədən uzaq durmaq və təhlükəsizlik kəmərindən istifadə etmək isə hər bir sürücünün əsas vəzifəsidir. Unutmayaq ki, təhlükəsiz səfər təsadüf deyil — diqqətli və məsuliyyətli davranışın nəticəsidir. Qaydalara əməl edək, yollarda təhlükəsizliyi birlikdə qoruyaq", - məlumatda qeyd edilib.