Elşad İskəndərov prezident müşaviri ilə görüşdü

17 Sentyabr 2013 13:03 (UTC+04:00)
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) sədri Elşad İskəndərov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Kitabxanası və Sənədlər Təşkilatının sədri, eyni zamanda prezidentin müşaviri vəzifəsini icra edən İshaq Salehi ilə görüşüb.

Elşad İskəndərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti öncə İran Milli Kitabxanasının kitab fondu, binası, strukturu, iş prinsipi ilə tanış olub.

Kitabxana rəhbərliyinin iştirakı keçirilən görüşdə, ikitərəfli əməkdaşlığa aid bir sıra məsələlər müzakirə edilərkən dr. İshaq Salehi Azərbaycanda Nizami Gəncəvinin məqbərəsindən onun beytlərini əks etdirən fars dilində yazılı abidələrin söküldüyü haqda İran mətbuatında məlumatlar getdiyini bildirərək, bu xəbərin İrandakı alim və tədqiqatçıları narahat ediyini bildirib, Nizami Gəncəvi kimi dahi şairin irsinə biganəliyin xoşagəlməz hal olduğunu söyləyib.

Həmin xəbərlərin əslində əsassız ajiotaj yaratdığını qeyd edən DQİDK sədri Azərbaycanda Nizami Gəncəvi irsinin qorunması, ona verilən önəm barədə İran tərəfini məlumatlandıraraq qeyd edib: "Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi bir sıra digər Azərbaycan dühalarının irsi kimi bütün bəşəriyyətin xəzinəsidir. Eyni zamanda dünyada Azərbaycan qədər Nizami irsinin qorunması məqsədilə fəaliyyət göstərən başqa dövlət yoxdur".

E.İskəndərov deyib ki, Nizami Gəncəvinin adna Bakıda mərkəzi küçə, Azərbaycan Ədəbiyyat Tarixi Muzeyi, Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, metro stansiyası var, şəhərin mərkəzində heykəli qoyulub. Əsərləri dəfələrlə, özü də ən müxtəlif dillərdə nəşr edilib, Nizami Gəncəvi daim Azərbaycan ədəbiyyatının zirvəsi hesab olunub. Hətta 1942-ci ildə SSRİ dönəmində, 2-ci Dünya müharibəsinin ən ağır, Moskvanın, Peterburqun, Bakının işğal təhlükəsi olduğu bir dövrdə, məhz Azərbaycan ziyalılarının təkidi ilə onun 800 illiyi keçirilib. Son illər ərzində Nizami irsinin dünya miqyasında tanıdılması üçün onu məhz Azərbaycan tərəfindən Romada abidəsi ucaldılıb, onlarla beynəlxalq tədbirlər keçirilib.

Komitə sədri daha sonra bildirib ki, ətrafında əsassız ajiotaj yaradılan məqbərə daşlar tarixi kitabə deyil və hazırda məqbərənin əsaslı təmiri zamanı bütün üzlüklər kimi yenilənir. Azərbaycanda Nizami irsinin bir hissəsi olaraq əsərlərinin yazıldığı fars dilinə də hörmətlə yanaşılır. Belə ki, Nizaminin fars dilində 10 cildlik əsərlər toplusu dövlət tərəfindən nəşr olunub. "Odur ki, bu məsələ ətrafında ajiota süni xarakter daşıyır. Məqbərə bərpa işlərindən sonra daha da möhtəşəm olacaqdır və onu dünyadan o cümlədədn İrandan gələcək Nizamisevərlər şahidi ola biləcəklər".

İran Milli Kitabxanasının sədri dr. Salehi, Nizami irsinə Azərbaycanda verilən bu önəmə görə təşəkkür edərək, bu məlumatların bir çoxunun onlar üçün yeni və çox sevindirici olduğunu qeyd edib, gələcəkdə mövcud narazılıqların da aradan qalxacağına inandığını bildirib.

AzNews.az