Ərdoğan BƏƏ Prezidenti ilə telefonla danışıb

16 Fevral 2026 13:10 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, danışıq zamanı liderlər iki ölkə arasında əməkdaşlıq imkanlarını, eləcə də münasibətlərin ortaq maraqlar və xalqların rifahı əsasında daha da gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

Görüşdə, xüsusilə inkişaf tərəfdaşlığı başda olmaqla müxtəlif sahələrdə əldə olunan irəliləyişlər fonunda BƏƏ–Türkiyə münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində qətiyyət təsdiqlənib.

Liderlər, həmçinin regional və beynəlxalq səviyyədə qarşılıqlı maraq doğuran məsələlər, bölgədəki son hadisələr və bu istiqamətdə aparılan işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər planlaşdırılan görüşün daha irəli tarixə təxirə salındığını bildirərək, ən qısa zamanda bir araya gələcəklərini təsdiqləyiblər.

Mövsüm,

AzNews.az