Azərbaycan və BƏƏ-nin qeyri-neft-qaz ticarətinin ümumi dəyəri məlum olub

16 Fevral 2026 14:17 (UTC+04:00)

Ötən il Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qeyri-neft-qaz məhsullarının ticarətinin ümumi dəyəri əvvəlki ilə nisbətən 43 % artaraq 2,4 milyard ABŞ dollarına yüksəlib.

Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bin Abdulla Əl Dahak Əlşəmsi bildirib.

Onun sözlərinə görə, iki ölkə xüsusilə CEPA (Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi) imzaladıqdan sonra çox strateji münasibətlərə malik olub: "Biz həmçinin BƏƏ və Azərbaycandan ümumi dəyəri 1 milyard ABŞ dolları olan qarşılıqlı investisiyalara nəzər yetiririk. Bu əlaqələri, xüsusilə ərzaq və kənd təsərrüfatı sektorunda daha da genişləndirməyi hədəfləyirik".

Nazir əlavə edib ki, hazırda iki ölkə strateji münasibətlərə malikdir: "Azərbaycan kənd təsərrüfatının inkişaf etdiyi ölkədir, BƏƏ isə yüksək texnologiyalı və "ağıllı kənd təsərrüfatı"na fokuslanmış güclü aqrar şirkətlərə malikdir. BƏƏ-nin logistika sahəsindəki qabiliyyəti də bu əməkdaşlıqlar vasitəsilə yeni bazarların açılmasına töhfə verə bilər. Biz bunları hər iki tərəfdə qeyd edəcəyimiz real təşəbbüslərə çevirməyi səbirsizliklə gözləyirik".

Qonaq vurğulayıb ki, BƏƏ faraş meyvə-tərəvəzdən tutmuş ət və süd məhsullarına qədər bir çox sektorlara diqqət yetirir: "Biz əməkdaşlıq sahələrini prioritetləşdirəcək və bu tərəfdaşlıqları düzgün biznes tərəfdaşları ilə həyata keçirəcəyik. Məhz buna görə də, hər iki ölkədən fərqli biznes oyunçularını eyni masa arxasına gətirmək bu dialoqu başlatmaq və onun tezliklə reallaşdığını görmək üçün çox vacib idi".