Vüqar Qurbanov vəzifədən uzaqlaşdırıldı: Maliyyə Nazirliyi TƏBİB-i yarımcan gördü

16 Fevral 2026 15:17 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Mediada yayılan xəbərlərə görə, V.Qurbanov TƏBİB-də aparılan maliyyə yoxlamaları səbəbindən vəzifəsindən azad edilib. Belə ki, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitdən gedir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara 2025-ci ilin sentyabr ayında başlayıb.

Bəs, V. Qurbanov vəzifəsindən necə azad olunub?

TƏBİB rəhbəri qurumun Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunur.

Bu gün Müşahidə Şurasının növbəti iclası keçirilərək müvafiq qərar verilib.

TƏBİB-in Müşahidə Şurasının sədri Zaur Əliyevdir.Müşahidə Şurasının üzvləri aşağıdakılardır:

- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri;
- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
- Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

AzNews.az