Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 27 % artırıb

16 Fevral 2026 16:04 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycan 176 milyon 542 min ABŞ dolları dəyərində 7 min 591 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27 % çox və 0,9 % azdır.

Ay ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 dəfə artaraq 189 ədəd (36,843 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 1,9 % azalaraq 6 774 ədəd (125,708 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 712-si (15,611 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 3 872-si (76,114 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 108-i (3,268 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 2,1 dəfə artması, ikincinin 79,4 % artması, üçüncünün isə 22,3 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 11,8 % azalaraq 569 ədəd (6,137 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 43,9 % artaraq 59 ədəd (7,854 milyon ABŞ dolları dəyərində) olub.