Cənubi Afrika Respublikasında sürətlə yayılan dabaq xəstəliyi səbəbindən ölkə üzrə “milli fəlakət vəziyyəti” elan edilib.
Milli Fəlakətlərin İdarəedilməsi Mərkəzinin rəhbəri Elias Sitole bildirib ki, Şərqi Keyp, Fristate, Qautenq, Kvazulu-Natal, Limpopo, Mpumalanqa, Şimal-Qərb və Qərbi Keyp əyalətlərində qeydə alınan dabaq epidemiyası milli fəlakət miqyasına çatıb.
Sitole vurğulayıb ki, elan olunan “milli fəlakət vəziyyəti” ölkənin heyvandarlıq sektoru, ərzaq təhlükəsizliyi, kənd yerlərində dolanışıq mənbələri və ixrac bazarları üçün yaranan risklərə qarşı mühüm və zəruri addımdır.
14 milyon iribuynuzlu heyvan peyvənd olunacaq
Prezident Siril Ramafosa isə açıqlamasında hökumətin qarşıdakı 12 ay ərzində 14 milyon baş iribuynuzlu heyvanın peyvənd olunmasına qərar verdiyini bildirib. Onun sözlərinə görə, bunun üçün 28 milyon doza peyvənd tələb olunur.
Ramafosa qeyd edib ki, təsərrüfatların peyvəndi dərhal əldə etməsi üçün işlərə başlanılıb və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə fəaliyyət göstərmək məqsədilə mütəxəssislərdən və fermer təşkilatlarının nümayəndələrindən ibarət xüsusi qrup yaradılıb.
Viral infeksiya xarakteri daşıyır
Dabaq xəstəliyi iribuynuzlu və xırdabuynuzlu heyvanlarda – inək, qoyun və keçilərdə yüksək hərarət, ağız boşluğunda və dırnaqlarda yaralarla müşahidə olunur.
Sürətlə yayılması və ciddi məhsuldarlıq itkilərinə səbəb olması səbəbindən xəstəlik heyvandarlıq iqtisadiyyatı üçün ciddi təhlükə yaradan viral infeksiya hesab olunur.
Mövsüm,
AzNews.az