İtaliyanın Azərbaycana ixracı 2026-2029-cu illərdə artmağa davam edəcək və 600 milyon avroya çatacaq.
Aznews.az xəbər verir ki, bu barədə İtaliya Ticarət-Sənaye Palataları İttifaqının ("Unioncamere") beynəlmiləlləşmə şöbəsinin rəhbəri Pyetro İnfante Romada keçirilən "Qafqazdan Aralıq dənizinə" konfransında bildirib.
O qeyd edib ki, İtaliya və Azərbaycan coğrafi mövqeləri sayəsində Avropa və Aralıq dənizi, Yaxın Şərq və Asiya arasındakı yeni ticarət marşrutlarında mərkəzi rol oynayırlar.
"Qafqaz Avropa üçün getdikcə daha əhəmiyyətli regiona çevrilir. Bu, Cənubi Qafqaz strategiyası və enerji şaxələndirilməsi, eləcə də Orta Dəhliz kimi yeni nəqliyyat dəhlizlərinin yaradılması məsələlərində əhəmiyyəti artan "Şərq Tərəfdaşlığı" çərçivəsində iqtisadi əməkdaşlıqla təsdiqlənir", - o bildirib.
Şöbə müdiri vurğulayıb ki, İtaliya və Azərbaycanı strateji tərəfdaşlıq və möhkəm ikitərəfli əlaqələr bağlayır.
"İtaliya 2026-cı ildə də Azərbaycan ixracı üçün əsas satış bazarı olaraq qalır. Bununla yanaşı, hazırda təxminən 500 milyon avro təşkil edən İtaliyanın Azərbaycana ixracı da davamlı artım nümayiş etdirir. Hazırda "Unioncamere" biznesə dəstək üçün müəyyən alətlər hazırlayır. Həmçinin, Azərbaycanda biznes missiyaları və B2B formatında görüşlər təşkil etməyə hazır olduğumuzu təsdiqləmək istərdim", - P.İnfante deyib.