“Qızılın bahalaşması qlobal qeyri-müəyyənliyin nəticəsidir” – Akif Nəsirli

16 Fevral 2026 18:30 (UTC+04:00)

"Qızılın 1 troy unsiya üzrə 5 046,3 dollara qədər yüksəlməsi əsasən qlobal iqtisadi qeyri-müəyyənliyin artması ilə izah edilir. Son illərdə dünya iqtisadiyyatında geosiyasi gərginliklər, regional müharibələr, böyük dövlətlər arasında ticarət qarşıdurmaları və maliyyə bazarlarında volatillik investorların riskdən yayınma meylini gücləndirib. Belə dövrlərdə qızıl ənənəvi olaraq aktivlər üçün “təhlükəsiz liman” rolunu oynayır və tələbin artması qiymətləri sürətlə yüksəldir. Digər mühüm amil inflyasiya gözləntiləridir. Bir çox ölkədə yüksək inflyasiya və dövlət borcunun artması milli valyutalara etimadı zəiflədir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, dünya əmtəə bazarlarında qızılın qiyməti 5 min dollar səviyyəsini aşıb. Qlobal bazarlarda 1 troy unsiya qızılın 5 046,3 dollara yüksəlməsi, həm iqtisadi qeyri-müəyyənliyin artması, həm də investorların riskdən qorunmaq istəyi ilə əlaqələndirilir. Son 24 saatda 97 dollarlıq yüksəliş isə yalnız texniki amillərlə izah edilmir, eyni zamanda bazarda investor davranışındakı əhəmiyyətli dəyişikliklərin göstəricisidir.

O vurğulayıb ki, xüsusilə ABŞ dollarının uzunmüddətli dayanıqlığı ilə bağlı suallar ortaya çıxanda, investorlar və mərkəzi banklar ehtiyatlarını diversifikasiya edərək qızıl alımını artırırlar.

"Son illərdə bir sıra ölkələrin mərkəzi banklarının qızıl ehtiyatlarını artırması bazarda struktur tələbi gücləndirib. Faiz dərəcələri də mühüm rol oynayır. Əgər aparıcı mərkəzi banklar iqtisadi artımı dəstəkləmək üçün faizləri aşağı salmağa meyllidirsə və ya real faizlər inflyasiyadan geri qalırsa, gəlir gətirməyən aktiv olsa da qızıl daha cəlbedici görünür, çünki alternativ maliyyə alətlərinin real gəlirliliyi azalır. Bununla yanaşı, maliyyə bazarlarında spekulyativ kapital axını və fond bazarlarında mümkün korreksiya qorxusu da qiymət artımını sürətləndirə bilər. Qısa müddətdə 97 dollarlıq artım bazarda emosional və sürətli kapital hərəkətinin göstəricisidir. Bu prosesin nə qədər davam edəcəyi bir neçə faktordan asılıdır: geosiyasi vəziyyətin sabitləşməsi, inflyasiyanın nəzarət altına alınması, ABŞ və digər böyük iqtisadiyyatlarda pul siyasətinin istiqaməti və investor risk iştahının dəyişməsi. Əgər qeyri-müəyyənlik və inflyasiya təzyiqi davam edərsə, qızıl yüksək səviyyədə qala və ya daha da bahalaşa bilər. Lakin qlobal iqtisadi sabitlik bərpa olunarsa və real faizlər yüksələrsə, qiymətlərdə korreksiya ehtimalı da artacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az