"Bu məsələni belə qeyd etmək olar ki, ali təhsilli gənclərin işlə təmin olunması problemi ümumiyyətlə hər yerdə aktual olaraq qalmaqdadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində də bu sahədə oxşar problemlər mövcuddur. Məsələ ondadır ki, artıq biz kapitalizm cəmiyyətində yaşayırıq. Bu cəmiyyət modelində ixtisasını ən yaxşı və ən mükəmməl şəkildə mənimsəyən şəxs əmək bazarında öz mövqeyini qoruyub saxlaya bilir. Bu yanaşma inkişaf etmiş ölkələrdə də keçərlidir, MDB məkanında da, eləcə də bizdə. Sovet dövründə ali təhsil müəssisələrini bitirən gənclər icbari əmək fəaliyyətinə cəlb olunurdu və işlə təminat nisbətən asan idi. Lakin kapitalizm cəmiyyətində bu mexanizm artıq işləmir. İstər dövlət sektorunda, istərsə də özəl sektorda işəgötürənlər daha çox ixtisası üzrə real bilik və bacarıqlara malik olan namizədlərə üstünlük verirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, ali təhsilli gənclərin işlə təmin olunması problemi Gürcüstanda da aktualdır. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ali məktəb məzunlarının böyük hissəsi diplomuna uyğun iş tapa bilmir və bu, əmək bazarının sistemli analizinə ehtiyac olduğunu göstərir. Onun sözlərinə görə, ölkədə həkimlərin sayı real tələbatdan artıqdır, hüquq sahəsində isə hər il minlərlə məzun ixtisası üzrə işləyə bilmir.
Ekspertin sözlərinə görə, bu hal əmək bazarında müəyyən ixtisaslar üzrə seçim imkanlarını artırır.
"Məhz buna görə düşünürəm ki, bu problem hər zaman aktual olaraq qalacaq və müəyyən dövrlərdə daha qabarıq şəkildə özünü göstərəcək. Hazırda ölkəmizdə də vəziyyət təxminən eynidir. Burada birinci və ən böyük məsuliyyət ali təhsil müəssisələrinin üzərinə düşür. Çünki ali təhsil müəssisələrini bitirən gənclərin nəzəri bilikləri olsa da, praktiki bilikləri kifayət qədər deyil. Bu gün ölkəmizdə bu vəziyyət acınacaqlıdır. Ali təhsil müəssisələrini bitirən gənclərə diqqət yetirdikdə görürük ki, onların praktiki hazırlığı ürəkaçan səviyyədə deyil. Ümumiyyətlə, ali təhsil müəssisələrində praktiki biliklərə çox az diqqət ayrılır. Məlumdur ki, 4 illik ali təhsil 8 semestrdən ibarətdir və bu müddətin cəmi 1 semestri praktikaya həsr olunur. Halbuki beynəlxalq təcrübəyə baxdıqda görürük ki, praktika təhsilin təxminən üçdə birini təşkil edir. Ona görə də hesab edirəm ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalı və üzərində dərindən düşünülməlidir. Ali təhsil müəssisələrinə verilən son tapşırıqlarda da xüsusilə kadr hazırlığı istiqamətində zəruri tədbirlərin görülməsi vurğulanıb. Bu, ali təhsil müəssisələri üçün açıq bir mesajdır. Onlar gənclərin praktiki biliklərlə təmin olunmasına xüsusi diqqət ayırmalıdırlar. Xüsusilə kompüter yönümlü sahələr bu gün sürətlə inkişaf edir. Bu istiqamətdə maddi-texniki bazanın gücləndirilməsi, praktiki biliklərə üstünlük verilməsi gələcəkdə Azərbaycanda əmək bazarı üçün ixtisaslı kadrların formalaşmasına müsbət təsir göstərəcək. Hazırda ali təhsil müəssisələrində praktiki biliklərin zəif olması səbəbindən gənclər əmək bazarına rahat şəkildə inteqrasiya ola bilmirlər. Məsələn, pedaqoji ixtisası bitirən gənclər əlavə kurslarda müəyyən bilik və bacarıqlar əldə etmədən birbaşa müvafiq imtahanlarda uğurlu nəticə göstərə bilmirlər. Eyni vəziyyət hüquq ixtisasını bitirən gənclər üçün də keçərlidir. Bu gün bəzi hüquq məzunları sadə iddia ərizəsi yazmaqda belə çətinlik çəkirlər. Bu isə problemin nə qədər ciddi olduğunu göstərir. Bu baxımdan ali təhsil müəssisələri həm maddi-texniki baza, həm də kadr hazırlığı prosesində daha məsuliyyətli və diqqətli olmalıdırlar".
Rəfiqə Namazəliyeva,
AzNews.az