“Rifah və fəallıq gənclərin şəxsi məsuliyyətindən başlayır” – Naib Niftəliyev

16 Fevral 2026 21:48 (UTC+04:00)

"Gənclərin asudə vaxtının səmərəli təşkili məsələsi təbii ki, çox vacib prioritetlərdən biridir. Lakin gənclər özlərində bu sahədə təşəbbüskar və fəal olmalı, müəyyən təşkilatçılıq təşəbbüsləri ilə çıxış etməlidirlər. Biz müəyyən mənada bu təşəbbüsləri hiss edirik. Yəni, gənclər hər sahədə fəal olurlar, lakin onların mühüm bir hissəsi müxtəlif yaradıcılıq tədbirlərindən və müəyyən innovativ təşəbbüslərdən kənarda qalır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Belə ki, bir çox gənclər təşəbbüsü daha çox digərlərindən, həmyaşıdlarından, dostlarından, tanışlarından, eləcə də cəmiyyətin daha təcrübəli orta təbəqəsindən gözləyirlər. Təbii ki, belə təşəbbüslər olur. İnsanın həm yaşca, həm də ruhən gənc olması çox vacib və gözəldir. Yəni, insan inkişafı, gələcək hədəfləri, sağlamlıq və rifah məqsədləri böyük olduqda, o, qəlbən gənc qalır. Bu baxımdan, cəmiyyətə pozitivlik və nümunəvi davranışları aşılamaq da vacibdir. Təbii ki, sosial siyasətlər gənclərin maddi rifahı ilə bağlıdır. İşsiz, ümidsiz və fəaliyyətsiz olmaq gənclər üçün ciddi çətinlik yaradır. Bu məsələnin həlli üçün hər bir dövlətdə o cümlədən Azərbaycan Respublikasında gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır. Gənclər və İdman Nazirliyi bu sahədə funksional vəzifələrini yerinə yetirir. Lakin görülür ki, dövlət səviyyəsində tədbirlər həyata keçirilən zaman cəmiyyətdə gənclərin öz təşəbbüskarlığı da çox önəmlidir. Burada yalnız dövlət tədbirləri deyil, həm də cəmiyyətdə fərdi, şəxsi və hüquqi təşəbbüskarlıq çox vacibdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, müasir dövrdə gənclərin cəmiyyətin həyatında aktiv rol oynaması, onların şəxsi inkişafı və ictimai inteqrasiyası üçün mühüm şərtlərdən biridir. Lakin, bir çox hallarda sosial, mədəni və yaradıcılıq imkanlarının məhdudluğu gənclərin asudə vaxtını səmərəli keçirməsinə əngəl yaradır. Bu məhdudiyyət yalnız onların şəxsi inkişafını məhdudlaşdırmır, eyni zamanda onları qeyri-formal və bəzən mənfi fəaliyyətlərə yönəlmə riskinə də gətirib çıxara bilər. Buna görə, gənclərin sosial fəallığını artıran yeni yanaşmaların tətbiqi və dövlətlə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi xüsusi önəm kəsb edir. Mövzu həm sosial siyasət, həm də gənclərin rifahının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Sosioloq bildirib ki, gənclər qanun və qaydalar çərçivəsində aktiv olmalı, mədəni və kütləvi tədbirlərdə iştirak etməli, həmçinin bu tədbirlərin təşəbbüskar rolunu da üzərlərinə götürməlidirlər.

"Əlbəttə, müəyyən məsələlər maliyyə tələb edir ki, bu da dövlətin və cəmiyyətin maddi rifahı ilə bağlıdır. Digər tərəfdən isə məhdudiyyətlər mövcud vəziyyətdən irəli gəlir. Gənclərin bir çoxu dəb və populyar tendensiyalarla maraqlanır, rifah və qlobal nümunələri izləyir. 80% gənc belə düşünür ki, gördüklərini qəbul etməli və ona uyğun davranmalıdır. Yəni, daha çox yayılan, populyar və asan əldə olunan şeylər onlara daha faydalı görünür. Bu baxımdan rifah hədəfləri ziddiyyətli şəkildə şərh oluna və dəyişə bilər. Lakin ümumi dəyərlər, prinsiplər və şərtlər heç bir halda dəyişmir. Hər bir gənc yaxşı yaşamaq, yaxşı iş tapmaq, karyera qurmaq və fəaliyyət göstərmək istəyir. Problem ondadır ki, gənclərin əhəmiyyətli bir hissəsi bunu böyük əziyyət çəkmədən əldə etməyə çalışır. Təhsil sahəsində və əyləncə, sosial fəaliyyət istiqamətlərində də bu tendensiya müşahidə olunur. Gənclərin sosial fəaliyyətinin artırılması müəyyən mütaliə və işgüzar təşəbbüslərlə birbaşa bağlıdır. Gənc bir şəxs həm də daha çox kitab oxumalı, mütaliə etməli, idmanla məşğul olmalı və bütün bunları ahəngdar şəkildə həyata keçirməlidir. Amma sual yaranır: bu seçilir mi? Bu, çox vacib bir sualdır. Hər zaman olduğu kimi, gənclər aparıcı qüvvədir, lakin boşluqlar və çatışmazlıqlar cəmiyyətin ümumi mənzərəsini əks etdirir. Bunu yalnız gənclərin üzərinə yükləmək doğru deyil. Gənclər siyasəti bütün cəmiyyətin məsələsidir və gənclərin rifahı cəmiyyətin rifahından ayrılmazdır. Yaxşı işləyən bir gənc yaxınlarının, ətrafının rifahına da töhfə verir. Əgər gənclər rifahın daşıyıcısı olursa, cəmiyyət böyük rifah cəmiyyətinə çevrilir. Gənclər rifah mərhələsini əldə etmək üçün müəyyən bir yaş dövrünü keçməlidirlər. Bu, son 100 ildə Azərbaycan cəmiyyətinin inkişaf xüsusiyyətlərindən biridir. Azərbaycan gənclərinin pozitiv xüsusiyyətləri ilə yanaşı, ailə qayğıları, iş və ev məsələləri, sağlamlıq və karyera narahatlıqları da çoxdur. Onların bir hissəsi ölkə xaricinə yönəlir, digər bir hissəsi isə paytaxta cəmləşərək iş və fəaliyyət imkanları qazanmağa çalışır. Buna nail olan gənclər dövlətin strateji hədəflərinə də töhfə verirlər. Gənclərin məşğulluğu, karyerası və yaradıcılıq fəaliyyətinin genişləndirilməsi prioritetdir. Çoxsaylı proqramlar və fəaliyyət hədəfləri mövcuddur, icra olunur və nəticələr əldə edilir. Lakin bununla kifayətlənmək düzgün deyil. Problemlərin həlli yalnız gənclər siyasəti ilə cəmiyyətin fəal gənclərinin təşəbbüslərinin stimullaşdırılması və əlaqələndirilməsi ilə mümkündür. Dövlət təşəbbüsləri qaldırır, dəstəkləyir və istiqamətləndirir. Cəmiyyətin gəncləri də bu istiqamətdə fəal olmalıdırlar. Heç bir pozitiv, konstruktiv və yaradıcı təşəbbüs dəstəksiz qalmır. Hər bir gənc dövlət imkanlarından istifadə etməklə öz fərdi potensialını reallaşdırmaq üçün məsuliyyətli olmalıdır. Bu, həm özünün, həm də cəmiyyətin qazancına töhfə vermək deməkdir. Əsas məsələ budur ki, bu işdə davamlılıq və məsuliyyət prinsipi olmalıdır. Asudə vaxtın təşkili hər bir şəxsin özündən asılıdır. İşin təşkili zamanı vaxt bol və ya məhdud ola bilər, amma bu, fərdi təşəbbüskarlıq və şəxsi inkişaf keyfiyyətini göstərir. Vaxtı düzgün qiymətləndirmək və səmərəli istifadə etmək vacibdir. Hər bir işin vaxtını planlaşdırmaq, inkişaf hədəflərini bu vaxta uyğun təyin etmək lazımdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az