Etibar Hüseynovun həbs etdirdiyi şəxsin məhkəməsində nələr oldu?

17 Sentyabr 2013 14:21 (UTC+04:00)
Bir neçə gün əvvəl Milli Məclisin üzvü Etibar Hüseynovun Azadlıq prospekti - 88 ünvanında bir sot torpaq sahəsi üstündə dava etdiyi Rauf Qubadova bu gün Abşeron rayon Məhkəməsinin hökmü ilə 7 sutkalıq həbs verilib.

AzNews.az xəbər verir ki, məhkəmə prosesi R.Qubadovun vəkilindən və yaxınlarından xəbərsiz həyata keçirilib. R.Qubadovun vəkili Fariz Namazlı AzNews.az-a açıqlamasında bildirib ki, onlara hakimlərin naharda olduğunu bildirərək, prosesdən kənarda saxlayıblar: "Biz prosesə qatılanda hakim müşavirəyə getmişdi. Yəni bizim prosesdən xəbərimiz olmadı. Hakim İlham Kərimlinin sədrliyi ilə keçən prosesdə Rauf Qubadova dövlət hesabına vəkil verilib".

Vəkili olduğu halda R.Qubadovun dövlət hesabına vəkillə təmin olunmasını anlaşılmazlıq hesab edən vəkil, Abşeron rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, deputat bir müddət əvvəl Rauf Qubadovun Xırdalan şəhərindəki evini satın alıb.

Evin yaxınlığındakı bir sot torpaq sahəsi tərəflərin narazılığına səbəb olub. Abşeron rayon Polis Şöbəsindən AzNews.az-a şəxsin həbs edilməsinin deputatın şikayəti əsasında baş verdiyi bildirilib. Millət vəkili şikayət ərizəsində qeyd edib ki, Rauf Qubadov onu təhqir edib.

Ruhiyyə
AzNews.az