"Bir neçə gün öncə dünyanın müxtəlif şəhərlərində İran diasporunun nümayəndələri tərəfindən rejim əleyhinə keçirilən çoxminli mitinqlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan hadisələrdən biri oldu. Xüsusilə Münhen şəhərində təşkil edilən etiraz aksiyaları bu baxımdan seçilirdi. Nəzərə alsaq ki, Şahın oğlu Rza Pəhləvi də həmin təhlükəsizlik konfransına dəvət olunmuş və tədbirdə iştirak etmişdi, bu hadisə əlavə siyasi məna qazandı. Bu aksiyalar ilk növbədə rejim əleyhdarlarının ölkə xaricindəki gücünü və təşkilatlanma potensialını nümayiş etdirən amil kimi qiymətləndirilə bilər. Lakin unutmaq olmaz ki, hər hansı rejim dəyişikliyi üçün əsas güc və real potensial məhz ölkə daxilində formalaşmalıdır və dəyişikliklər də əsasən bu daxili resurslar üzərindən həyata keçirilə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
Xatırladaq ki, fevralın 14-də müxtəlif ölkələrin şəhərlərində İran hakimiyyətinə etiraz edən insanlar böyük aksiyalar təşkil etdilər və bu, beynəlxalq ictimaiyyətin diqqətini yenidən İrandakı vəziyyətə yönəltdi. Bu yürüşlər, bir tərəfdən, diasporun təşkilatlanma gücünü və aktivliyini göstərdi, digər tərəfdən isə dünya ictimai rəyində yeni meyllərin ortaya çıxdığını göstərən bir siqnala çevrildi.
Siyasi şərhçi qeyd edib ki, bu baxımdan xaricdə keçirilən etiraz aksiyaları İran rejiminə münasibətdə böyük güclərin siyasətində ciddi dəyişikliklərə səbəb olmayacaq.
"Çünki aparıcı dünya güclərinin İran rejiminə yanaşması artıq formalaşıb və bu mövqelər qısa müddətdə köklü şəkildə dəyişmir. Hadisə daha çox Rza Pəhləvinin İranda hakimiyyət iddialarını və rejim müxalifətinin özünü siyasi alternativ kimi təqdim etmək cəhdini nümayiş etdirməsi baxımından diqqət çəkir. Lakin bu cür aksiyalar qlobal siyasətdə fundamental dönüş yaratmaq gücünə malik deyil; daha çox simvolik xarakter daşıyır. Eyni zamanda vurğulamaq lazımdır ki, avtoritar rejimlərdə dəyişiklik yalnız xarici təzyiq və ya hərbi müdaxilə yolu ilə mümkün deyil. Xaricdən silah gücü ilə hakimiyyətə gətirilən siyasi model həmin ölkədə nə sabitlik, nə də uzunmüddətli təhlükəsizlik vəd edə bilər. Əksinə, bu, yeni problemlərin və xaosun yaranmasına yol aça bilər. Bu səbəbdən İranın gələcək siyasi transformasiyası üçün həlledici faktor ölkə daxilində güclü ictimai dəstəyin, real siyasi alternativlərin və təşkilatlanmış daxili potensialın formalaşmasıdır. Yalnız bu halda dəyişikliklər daha nizamlı, az itki və daha az risklə baş verə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az