Süni intellekt kimi texnologiyaların sürətli inkişafı Azərbaycanda əqli mülkiyyət qanunvericiliyinə dəyişikliklərin edilməsini zəruri edir.
Aznews.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənli Bakıda keçirilən "Ansys: Azərbaycanda Rəqəmsal Mühəndislik və İnnovasiya həlləri" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, əqli mülkiyyət bu gün cəmiyyətin əsas institutlarından biridir: "Dünyada elə bir sahə yoxdur ki, orada əqli mülkiyyət rol oynamasın. Hazırda müxtəlif istiqamətlərdə süni intellekt alətləri ilə qarşılaşırıq. Lakin müəlliflik hüquqları və onların müdafiəsi baxımından süni intellekt ciddi çağırış olaraq qalır. Beynəlxalq doktrinaya əsasən, müəllif əsəri yaradan yalnız fiziki şəxs hesab olunur. Amma texnologiya o qədər sürətlə inkişaf edib ki, artıq süni intellekt musiqi bəstələyir, mətn yazır, vizual materiallar hazırlayır. Bu halda müəllif kimdir? Bu məsələ hazırda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və digər beynəlxalq qurumların yüksək səviyyəli mütəxəssisləri tərəfindən müzakirə olunur".
X.Həsənli qeyd edib ki, ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsi tələb olunur: "Yaxın beş ildə süni intellekt tərəfindən yaradılan əsərlərin müəllif hüquqlarının dairəsi, çərçivəsi və sahibliyi aydın şəkildə müəyyən edilməlidir. Bu istiqamətdə Azərbaycan qanunvericiliyində də dəyişikliklərin edilməsi zəruridir ki, hazırda mütəxəssisləri narahat edən məsələlər hüquqi həllini tapsın".
Agentlik rəsmisi piratçılığın qlobal miqyasda ciddi problem olaraq qaldığını da vurğulayıb: "Bəzi hesablamalara görə, dünyada il ərzində 78-80 milyard ABŞ dolları həcmində piratçılıq qeydə alınır. Bu, musiqi, kompüter proqramları və əqli mülkiyyətin digər sahələrini əhatə edir. Problemin aradan qaldırılması üçün milli qanunvericilik çərçivəsində ardıcıl tədbirlər həyata keçirilir".
Onun sözlərinə görə, Azərbaycan 2000-ci ildən kompüter proqramlarının piratçılığı ilə bağlı ABŞ-ın Ticarət Aktının 301-ci maddəsinin təsiri altında idi: "Lakin proqram təminatının qanuni istifadəsinin təmin olunması istiqamətində görülən işlər nəticəsində 2026-cı ildən ölkə həmin siyahıdan çıxarılıb".