Azərbaycanda təhsil sistemi ilə sənayenin dinamik şəkildə dəyişən ehtiyacları arasındakı boşluq aradan qaldırılmalıdır.
Aznews.az xəbər verir ki, bu barədə TBSC konsaltinq şirkətinin idarəedici tərəfdaşı Tengiz Lomitaşvili "Azərbaycanın enerji sektorunda gənclərin bazarda tələb olunan bacarıqlara və məşğulluq imkanlarına çıxışının genişləndirilməsi" layihəsinin açılış mərasimində bildirib.
"Layihə çərçivəsində biz gəncləri tələb olunan texniki və rəqəmsal bacarıqlarla təmin edəcək milli akkreditasiya olunmuş yeni tədris proqramı hazırlayırıq. Ölkə "yaşıl" və ədalətli transformasiyadan keçdikcə, yeni nəsil mütəxəssislərin bu proseslərdə sadəcə iştirakını deyil, həm də onlara rəhbərlik etməsini və heç kimin kənarda qalmamasını təmin etmək vacibdir", - T. Lomitaşvili qeyd edib.
Onun sözlərinə görə, layihənin yol xəritəsi tətbiqi xarakter daşıyır.
"Biz bacarıqlardakı boşluğu müəyyən etmək üçün hərtərəfli baza təhlilindən başlayırıq. Bunun ardınca maraqlı tərəflərlə fəal məsləhətləşmələrə və tədris proqramının yekun versiyasının hazırlanmasına keçid ediləcək. Proses informasiya-kommunikasiya kampaniyası ilə dəstəklənəcək. Bundan başqa, məzunlar üçün real məşğulluq imkanları yaratmaq məqsədilə əmək yarmarkalarının keçirilməsi və təlimçilərin hazırlanması nəzərdə tutulub", - o əlavə edib.