Cenevrədə keçirilən nüvə danışıqlarının ikinci raundunda İran və ABŞ prosesin davamı üçün əsas prinsiplər üzərində razılıq əldə edib.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, əldə olunan irəliləyiş yaxın zamanda yekun sazişin imzalanacağı anlamına gəlmir, lakin razılaşma üçün yol açılıb. Tərəflər mümkün saziş sənədləri üzərində işləyəcək və onları qarşılıqlı şəkildə təqdim edəcəklər.
Hörmüz boğazında hərbi hərəkətlilik
Danışıqlar fonunda İran dövlət mediası strateji əhəmiyyətə malik Hörmüz boğazının bir hissəsinin təhlükəsizlik səbəbilə qısa müddətə bağlanacağını açıqlayıb. Qərar İnqilab Keşikçilərinin bölgədə keçirdiyi hərbi təlimlər zamanı qəbul olunub.
Qlobal neft daşımalarının təxminən beşdə birinin keçdiyi marşrutda yaranan hərəkətlilik bölgədə gərginliyi artırıb. ABŞ-ın Körfəz bölgəsinə hərbi qüvvə göndərməsi də vəziyyəti daha da həssas edib.
Vasitəçilik və regional balans
ABŞ Prezidenti Donald Trampın Tehranda hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamalarına cavab olaraq İranın ali dini lideri Ayətullah Əli Xamenei hökuməti devirmə cəhdlərinin uğursuz olacağını bildirib.
Omanın vasitəçiliyi ilə keçirilən Cenevrə görüşlərində iranlı rəsmilərlə yanaşı ABŞ nümayəndələri də iştirak edib. Tərəflər dialoq kanallarının açıq qalmasını müsbət addım kimi qiymətləndirsə də, nüvə məsələsi üzrə texniki müzakirələrin davam etdiyi vurğulanır.
Mövsüm,
AzNews.az