"Açıq deyim, bugünkü görüşdən dərhal yekun nəticə gözləmək sadəlövhlük olardı. Ümumiyyətlə, görüşdən konkret müsbət nəticə əldə etmək çətindir. Ola bilər ki, tərəflər şifahi razılaşmalar əldə etsin, növbəti danışıqların keçirilməsinə dair öhdəlik götürsün və ya hər iki tərəf müharibə olmadan məsələləri diplomatik yolla həll etməyə hazır olduqlarını bəyan etsin. Ola bilər ki, razılaşmalar və açıqlamalar da əldə olunsun, amma konkret nəticə hələ mümkün deyil. Bunun səbəbi tərəflərin maksimalist mövqedə olmasıdır. ABŞ İranın nüvə proqramının tamamilə dayandırılmasını tələb edir. Qarşılığında İran isə öz strateji məqsədləri uğrunda zənginləşməyə davam edəcəyini, lakin növbət silahı yaratmaq istəmədiyini bildirir. Hər iki tərəf əvvəlcədən elan etdikləri maksimalist siyasətdən geri çəkilmək niyyətində deyil. Bu səbəbdən kompromis əldə etmək üçün hələ konsensus yoxdur. Buna baxmayaraq, bugünkü görüş diplomatiya üçün yenidən imkanlar açdı. Əvvəlki sərt açıqlamalara baxmayaraq, indi həm İran, həm də ABŞ tərəfindən yumşaq retorikaların şahidi oluruq. Tərəflər, əgər qarşı tərəf müəyyən güzəştlərə getdiyi təqdirdə, müharibə olmadan razılaşma əldə etməyə hazır olduqlarını bildirirlər. Əvvəlki dövrdə retorika çox sərt idi: Tramp “İranı vuracam” deyirdi, İran isə cavab olaraq bildirirdi ki, “Əgər bizi vursalar, ABŞ-ın Yaxın Şərqdəki bəzi müttəfiqlərini hədəf alacağıq”. İndi bu yanaşmalar daha yumşaldılıb. Əgər diplomatiya yaxın həftələrdə və ya aylarda uğur qazansa, razılaşma əldə olunması mümkün ola bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ və İran nümayəndələrinin Omanda keçirəcəyi növbəti görüş son aylarda intensivləşən diplomatik təmasların necə nəticələnəcəyi ilə bağlı suallar yaradıb. Görüşün gündəliyində əsasən nüvə proqramına dair məhdudiyyətlər, sanksiyaların mümkün yumşaldılması, regional təhlükəsizlik məsələləri və gərginliyin azaldılması yer alır. Lakin bugünkü görüşün yekun və son görüş olub-olmayacağı hələ məlum deyil. Hazırkı mərhələdə tərəflər arasında müəyyən yaxınlaşma əlamətləri müşahidə olunmasına baxmayaraq, ciddi fikir ayrılıqları hələ də qalır. Diplomatik təcrübə göstərir ki, bu cür mürəkkəb və illərlə davam edən qarşıdurmalar bir-iki raund danışıqlarla həll olunmur; adətən tərəflər əvvəlcə prinsipial mövqelərdə yaxınlaşma təmin edir, sonra texniki məsələləri müzakirə edir və yalnız bundan sonra yekun sənədə doğru irəliləyirlər.
Siyasi şərhçi bildirib ki, razılaşma əldə olunmaz və hərbi qarşıdurma baş verərsə, bu, Körfəz ölkələri və Yaxın Şərq üçün ciddi fəsadlar doğura bilər.
"İran sıradan bir ölkə deyil və onun Çindən və Rusiyadan əldə etdiyi texnoloji vasitələr müharibəni uzatmaq və qarşı tərəfə öldürücü zərbələr vurmaq üçün kifayətdir. Eyni zamanda, ABŞ və İsrailin hərbi üstünlükləri də İranın strateji bazalarını məhv edə biləcək gücdədir. Bu münaqişə İraq, Suriya, İordaniya, Yəmən və Körfəz ölkələrinə yayıla bilər. Cənubi Qafqaz və Türkiyə üçün risklər nisbətən azdır, amma genişlənmə ehtimalı nəzərə alınmalıdır. Əgər diplomatiya yolu seçilərsə, İsrailin maraqları daha çox zərər görə bilər. İsrail regionda İran və Türkiyəni əsas rəqib kimi görür və ABŞ-nin müttəfiqləri ilə birlikdə bu iki ölkəni regionda əsas siyasi mərkəz olmaqdan məhrum etməyə çalışır. İsrailin məqsədi Yaxın Şərqdə mərkəz olmaqla güc mərkəzi formalaşdırmaqdır. Buna görə də müharibənin ən çox istəyəni İsraildir. Diplomatik həll əldə olunarsa, İsrailin strateji maraqları zərər görəcək. İranın nüvə proqramında dəyişiklik isə Azərbaycan və Cənubi Qafqaz üçün də əhəmiyyətlidir. Azərbaycan və İran tarixi baxımdan həmişə müəyyən təhlükə və rəqabət elementi kimi qarşılıqlı əlaqədə olublar. Bu o demək deyil ki, hər iki ölkə bir-birinə hücum etməyə hazırdır, amma regional reallıqlar və tarixi faktlar onları rəqib mövqedə saxlayır. İran nüvə silahına malik olarsa, bu yalnız İsrail və ABŞ üçün deyil, həm də Azərbaycan üçün müəyyən risklər yaradacaq. Nüvə silahı İranın daha təcavüzkar siyasət yürütməsinə və qonşularla ziddiyyətli məsələlərdə diplomatiyadan daha çox hərbi güc istifadə etməsinə səbəb ola bilər. Beləliklə, İranın nüvə proqramından imtina etməsi və ya digər yumuşalmalar Azərbaycan üçün daha əlverişli olacaq, regionda riskləri azaldacaq və diplomatik imkanları artıracaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az