Həsən Ruhani Azərbaycana dəvət olundu

17 Sentyabr 2013 15:02 (UTC+04:00)
Şeyxülislam Allahşükür Paşazadə İran Prezidenti Həsən Ruhanini Azərbaycana dəvət edib.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə bu dəvətini İran Sərhəd Polisinin nümayəndə heyəti ilə görüşdə səsləndirib: "Hər kəsə məlumdur ki, İran İslam Respublikasının yeni Prezidenti seçilib. Mən Həsən Ruhani Prezident seçildiyinə görə çox sevindim. Mənim onunla dostluq əlaqələrim var. Bilirəm ki, ölkənin yeni Prezidenti seçilməsi ilə əlaqədar işləri çoxdur. Buna baxmayaraq, mən onu Azərbaycana dəvət edirəm".
Şeyxülislam, həmçinin Azərbaycan və İranda aparılan siyasət barədə danışıb:

"Şükürlər olsun ki, İranda Xomeyninin yürütdüyü doğru siyasət kimi, burada da mərhum Heydər Əliyevin əməyi ilə güclü siyasət yürüdülür, güclü Azərbaycan dövləti qurulub və Azərbaycan xalqı, xüsusilə müsəlmanlar bunu çox gözəl dərk edirlər. Qarşıdan gələn seçkilərdə də xalqımız möhkəm təməl üzərində qurulan dövlətimizə dəyər verməyi bacaracaq".

AzNews.az