“Dövlət məktəbləri dünyəvi prinsiplə fəaliyyət göstərir” – Sona Əliyeva

18 Fevral 2026 14:08 (UTC+04:00)

"Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə fəaliyyət göstərən dövlət məktəbləri də dünyəvi təhsil prinsipi əsasında fəaliyyət göstərir. Bu prinsip məktəbdə tolerant və balanslı tədris mühitinin qorunmasını tələb edir. Məktəb, təhsil heç bir ideoloji və ya dini fərqlilik üzərindən bölünməməlidir. Amma məsələnin digər tərəfini də nəzərə almaq lazımdır. Valideynlərin bir qismi bu məsələyə fərdi seçim və inanc kontekstində yanaşır. Bu yanaşmanı emosional şəkildə rədd etmək doğru deyil, bu onların seçimidir və uşaqlarının dini baxışlarını müəyyən yaşa qədər formalaşdırmağa onlara qanunvericilik də imkan verir. Sadəcə dinləmək və qaydaları izah etmək daha doğru yanaşmadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda məktəblərdə geyim qaydaları və hicabla bağlı müzakirələr yenidən gündəmə gəlib. Bu mövzu təkcə şagirdlərin geyimi ilə deyil, eyni zamanda təhsil mühitinin mahiyyəti, məktəbin tərbiyəvi rolu və valideynlərin məsuliyyəti ilə bağlı məsələləri də ön plana çıxarır. Azərbaycanda ümumtəhsil müəssisələrində vahid məktəbli forması tətbiq olunur və bu, sosial fərqlərin azaldılmasına, şagirdlərin diqqətinin dərsə yönəldilməsinə xidmət edir. Mövcud qanunvericiliyə əsasən, şagirdlərin geyim qaydaları təhsil müəssisələrinin daxili nizamnaməsi ilə tənzimlənir.

Ekspert qeyd edib ki, qarşıdurma yolu ilə heç bir həll əldə etmək olmaz.

“Hesab edirəm ki, bu mövzuda ən yaxşı çıxış yolu dialoqdur. Məktəblər qaydaları aydın şəkildə izah etməli, valideynlərə vahid formanın məqsədini və mahiyyətini anlatmalıdır. Əgər qaydalar şəffafdırsa və hamıya bərabər tətbiq olunursa, bu, cəmiyyətdə də daha rahatlıqla qəbul edilir. Daha sərt hüquqi addımlar yalnız o halda gündəmə gəlməlidir ki, təhsil mühitinin sabitliyi artıq pozulub. Unutmamalıyıq ki, məktəb uşaqları gələcək vətəndaş kimi formalaşdıran mühitdir. Orada həm qayda olmalıdır, həm də qarşılıqlı hörmət. Əsas məsələ tərəfləri üz-üzə qoymaq yox, ortaq məxrəcə gəlməkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az