Adil Əliyev "Qum adası"nda niyə "batır"?

18 Fevral 2026 15:50 (UTC+04:00)

Bakının Suraxanı rayonu ərazisində, Zığ və Hövsan qəsəbələri arasında yerləşən “Qum adası” yaşayış massivində formalaşmış vəziyyət paytaxt urbanizasiyasının hüquqi tənzimlənməsindəki boşluqların ən bariz nümunələrindən biridir. Vaxtilə bağ təyinatlı torpaq sahələri kimi istifadə olunan ərazi zamanla minlərlə ailənin məskunlaşdığı yaşayış məkanına çevrilib. Bu gün burada fərdi evlər, ticarət obyektləri və sosial həyat mövcuddur, lakin həmin reallıq böyük ölçüdə hüquqi status baxımından tanınmır - ərazidə yaşayanların mühüm hissəsi torpaq və tikililəri üzrə çıxarış ala bilmir və faktiki mülkiyyət hüquqları qeyri-müəyyən qalır.

Problemin kökündə “99 illik icarə” əsasında verilmiş torpaq sahələrinə dair qərarların hüquqi əsaslarının bir çox hallarda tanınmaması dayanır. Arxiv sənədlərinin guya itməsi, qərarların qeydiyyatının qeyri-tam aparılması və çoxdan ləğv olunmuş dövlət müəssisəsinin Həmkarlar Təşkilatının möhürlərin tanınmaması vətəndaşların hüquqlarının rəsmiləşdirilməsinə maneə kimi təqdim olunur. Lakin hüquqi baxımdan inzibati sənəd dövriyyəsindəki çatışmazlıqların nəticəsinin vətəndaşın üzərinə yüklənməsi qəbul edilə bilən yanaşma deyil. Uzunmüddətli faktiki istifadə, məskunlaşma və infrastrukturun formalaşması hüquqi qiymətləndirmədə nəzərə alınmalı reallıqlardır və mülkiyyət hüququnun müdafiəsi dövlət öhdəliyi olaraq qalır.

Məhz bu fonda Suraxanı rayonunun icra hakimiyyətinə rəhbərlik edən Adil Əliyevin mövqeyi xüsusi diqqət mərkəzinə düşür. Yerli icra hakimiyyəti rəhbərinin əsas funksiyalarından biri ərazi üzrə sosial problemlərin həlli üçün təşəbbüs göstərmək, institusional koordinasiyanı təmin etmək və vətəndaş maraqlarını müdafiə edən mexanizmlərin işləməsinə çalışmaqdır. Lakin “Qum adası” məsələsində müşahidə olunan passivlik və təşəbbüs çatışmazlığı ciddi suallar, həttta korrupsiya riski doğurur. Minlərlə vətəndaşın mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənlik şəraitində qalmasına baxmayaraq problemin həlli istiqamətində görünən sistemli fəaliyyətin olmaması yerli idarəetmənin məsuliyyətinə dair suallar yaradır.

Xüsusilə nəzərə almaq lazımdır ki, bu məsələ texniki və ya lokal xarakter daşımır- sosial sabitlik, hüquqi müəyyənlik və dövlət-vətəndaş münasibətlərinə təsir edən genişmiqyaslı problemdir. Belə bir vəziyyətdə Suraxanı icra başçısının laqeyd mövqedə görünməsi yalnız inzibati zəiflik kimi deyil, həm də idarəetmə prioritetlərinin yanlış qurulması kimi qiymətləndirilə bilər. İdarəetmə məsuliyyəti təkcə mövcud vəziyyəti izləmək deyil, onun dəyişməsi üçün təşəbbüs göstərmək deməkdir.

Dövlət səviyyəsində sənədsiz evlərin rəsmiləşdirilməsi istiqamətində ardıcıl təşəbbüslərin mövcudluğu fonunda yerli səviyyədə nəticəyönümlü fəaliyyətin görünməməsi Adil Əliyevin, yumşaq desək, laqeydliyini daha qabarıq edir. Əgər normativ baza müəyyən imkanlar yaradırsa, həmin imkanların reallaşdırılması üçün institusional təşəbbüs göstərmək yerli rəhbərliyin məsuliyyət dairəsinə daxildir. Bu təşəbbüsün olmaması isə vətəndaşların hüquqi statusunun uzadılmış qeyri-müəyyənlik vəziyyətində qalması ilə nəticələnir.

“Qum adası” sakinlərinin vəziyyəti göstərir ki, problem təkcə torpaq sahələrinin rəsmiləşdirilməsi deyil — bu, Adil Əliyevin idarəetmə effektivliyinin sınağıdır. Bu sınaq qarşısında passiv qalmaq və ya prosesə təsir göstərə biləcək addımlar atmamaq isə ictimai gözləntilərlə ziddiyyət təşkil edir. Adil Əliyevin rəhbərlik etdiyi icra strukturu üçün bu məsələ sosial məsuliyyət və idarəetmə nüfuzu baxımından gözləntiləri doğrultmur.

Zeynal ABDİN