Türkiyənin İstanbul şəhərində Ruhi Sarıalp Beynəlxalq Tullanmalar Kubokunda qızıl medal qazanan Azərbaycan atleti Abdulla Əliyev dünya səviyyəli idmançı olmaq istəyir.
Aznews.az xəbər verir ki, Gənc idmançı bu barədə açıqlama verib.
U-20 kateqoriyasında uzunluğa tullanma növündə 6.75 metr nəticə ilə qalib olan atlet hədəflərindən bəhs edib:
"Beynəlxalq arenada sabit şəkildə yüksək nəticələrə nail olmağı planlaşdırıram. İlk növbədə U-20 dünya çempionatına lisenziya qazanmağı hədəfləmişəm. Bundan əlavə, digər böyük turnirlərdə medalçılar sırasına düşmək, Azərbaycanı hər zaman layiqincə təmsil etmək və gələcəkdə dünya səviyyəli idmançı olmaq istəyirəm".
A.Əliyev Türkiyədəki turnirdə birinci yeri tutsa da, daha yaxşı nəticə göstərə biləcəyini vurğulayıb:
"Sonuncu cəhdim mənə qızıl medal qazandırdı. Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün xoşbəxtəm. Bu uğur həm də məşqlərin nəticəsidir. Məşqçim Anar Yusifov yarış zamanı yanımda olmasa da, daim onun dəstəyini hiss etdim. Qələbədə onun da böyük əməyi var. U-20 dünya çempionatına vəsiqə qazanmaq və ABŞ-də Azərbaycanı layiqincə təmsil etmək niyyətindəyəm".