44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfindən başladılan "Böyük Qayıdış" proqramı təkcə daxili deyil, həm də regional və beynəlxalq əhəmiyyətə malikdir.
Aznews.az xəbər verir ki, bu barədə Pakistanın Bahria Universitetinin professoru Adam Saud "The Gulf Observer" üçün yazdığı məqalədə qeyd edib.
Müəllif xatırladıb ki, 44 günlük Vətən müharibəsi otuz il ərzində Ermənistanın işğalı altında olmuş ərazilərin azad edilməsi ilə başa çatıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin edən "Böyük Qayıdış" adlı proqram başladıb. Eyni zamanda, proqram təkcə humanitar komponenti deyil, həmçinin müharibədən sonrakı dövlət quruculuğu, iqtisadi dirçəliş, təhlükəsizliyin möhkəmləndirilməsi və regionda sülh proseslərinin təşviqi məsələlərini də əhatə edir.
Nəşrdə əhalinin qayıdışı üçün zəruri şərt kimi minatəmizləməyə xüsusi diqqət yetirilir. Qeyd olunub ki, işğal zamanı ərazilərin əhəmiyyətli hissəsi Ermənistan tərəfindən minalanıb. Yüz minlərlə minadan başqa, qayıdan vətəndaşların həyatı üçün təhlükə törədən və iqtisadi fəaliyyətə mane olan digər silah növləri də ərazilərdə qalıb. Müəllif vurğulayıb ki, minatəmizləmə Azərbaycan hökumətinin prioritet vəzifəsidir.
"Bərpa prosesinin əsasında "Ağıllı şəhər - Ağıllı kənd" konsepsiyası yer alır. Bu modelin icrasına artıq Zəngilan, Füzuli, Şuşa və Laçında başlanılıb. Layihələr bərpa olunan enerji mənbələrinin, rəqəmsal idarəetmə sistemlərinin, müasir infrastrukturun və iqlimə davamlı layihələndirmənin tətbiqini nəzərdə tutur", - professor yazıb.
Müəllifin fikrincə, bu model bir neçə məqsəd daşıyır. İqtisadi baxımdan o, investisiyaların cəlb edilməsinə və iş yerlərinin yaradılmasına yönəlib. Siyasi planda dövlətin suverenliyin müdafiəçisi və qarantı kimi rolunu nümayiş etdirir. Simvolik aspektdə yenilənmə, modernləşdirmə və qayıdışın dönməzliyi obrazını yaradır.
"Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir, tarixi Şuşa şəhəri isə mədəniyyət mərkəzi və turizm incisi kimi formalaşdırılır", - məqalədə bildirilib.