“Neftçilər günü” ərəfəsində 14 kəndə qaz verildi

17 Sentyabr 2013 15:39 (UTC+04:00)
Bu gün "Neftçilər günü" ərəfəsində Tərtər, Ağstafa, Ağsu, Lənkəran, Masallı, Yardımlı, Şamaxı və Qəbələ rayonlarının daha 14 kəndinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən "APA-Economics"ə verilən məlumata görə, tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Tərtər rayonunun Düyərli kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, bu məqsədlə böyük iş aparılıb, birpilləli sistem əsasında 12 200 metr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 162 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağstafa rayonunun Qarahəsənli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, birpilləli sistem əsasında ümumilikdə 22 350,3 metr uzunluğunda polietilen borularla qaz xətləri çəkilib, 301 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağsu rayonunun İlxıçı və Hacısəmədli kəndlərinə təbii qazın verilməsinin bərpa olunması münasibəti ilə keçirilmiş mərasimdə isə qeyd olunub ki, ümumilikdə 209 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 15 738 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 209 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran rayonunun Mamusta və Ballabur kəndlərinə də təbii qazın verilişi bərpa edilib. Bu məqsədlə ümumilikdə 48 791 metr uzunluğunda polad borular çəkilib, 1 144 abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Masallı rayonunun Kürdəbaz, Şəhriyar və Qarğalıq kəndlərinə təbii qaz verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə qeyd olunub ki, birpilləli sistem əsasında ümumilikdə 31 297 metr uzunluğunda polad borularla qaz xətləri çəkilib, 446 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yardımlı rayonunun Ünəş kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında 6 800 metr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə 97 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bu gün təbii qazın bərpası münasibətilə Şamaxı rayonunda da mərasim keçirilib. Bildirilib ki, rayonun Laləzər, Aşkar və Quşçu kəndlərinin qaz təchizatının bərpası məqsədilə birpilləli sistem əsasında ümumilikdə 10 678 metr uzunluğunda polietilen borularla daşıyıcı və 22 845 metr uzunluğunda metal borularla məhəllədaxili qaz xətləri çəkilib, 483 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qəbələ rayonunun Nohurqışlaq kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 8 080 metr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 570 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzNews.az