“Kompromis beynəlxalq monitorinq altında məhdud proqram ola bilər” – Zaur İbrahimli

18 Fevral 2026 19:19 (UTC+04:00)

"Açıq mənbələrdəki məlumatların təhlili göstərir ki, rəsmi Vaşinqton və Tehran danışıqları davam etdirmək niyyətindədir. Bu kontekstdə Abbas Əraqçinin açıqlamaları xüsusilə diqqət çəkir. O bildirib ki, İranın nüvə proqramı ilə bağlı tərəflər əsas prinsiplər üzrə ilkin razılığa gəliblər. Hazırkı mərhələdə bu kifayət qədər əhəmiyyətli məqamdır. Ehtimal olunur ki, razılaşdırılan əsas parametrlər İranın dinc nüvə proqramının əhatə dairəsi və hüdudları ilə bağlıdır. Tehran artıq bəyan edib ki, yalnız dinc məqsədli nüvə proqramı ilə kifayətlənməyə hazırdır. ABŞ isə ümumilikdə İranın nüvə proqramından imtina etməsini tələb edir. Bu ziddiyyət fonunda mümkün kompromis variantı kimi İranın beynəlxalq monitorinq altında, çox məhdud həcmdə dinc nüvə proqramına malik olmasına icazə verilməsi nəzərdən keçirilə bilər. Bu, əsas şərtlərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, İranın uranı çox aşağı faizlə zənginləşdirmək imkanının saxlanması da mümkün variantlar sırasındadır. Digər mühüm şərt isə İranın 60 faizdən yuxarı zənginləşdirilmiş uranın ölkə ərazisində saxlanılmamasıdır. Bu məsələdə Tehranın güzəştə gedə biləcəyi ehtimal olunur. Həmçinin, nüvə obyektlərinin bir hissəsinin demontaj edilməsi və ya məhv olunması da ağır, lakin mümkün şərtlər sırasındadır. Ümumilikdə nüvə proqramı ilə bağlı əsas parametrlər bunlardır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Qeyd edək ki, fevralın 17-də Cenevrədə baş tutacaq görüş ərəfəsində İran və ABŞ arasında barışıq əlamətləri müşahidə edilmir. Reuters agentliyinin məlumatına görə, ABŞ rəsmiləri bildiriblər ki, Amerika ordusu bir neçə həftədir Donald Trampın göstərişi ilə İrana qarşı mümkün hərbi əməliyyat ssenariləri üzərində işləyir. Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) fevralın 16-da Hörmüz boğazında hərbi təlimlərə başlayıb. Mənbələr bildirir ki, Hörmüz boğazı beynəlxalq əhəmiyyətli strateji keçid hesab olunur və Bəsrə körfəzi ölkələrinin əsas neft ixrac marşrutlarından biridir. Bu marşrut qlobal enerji təhlükəsizliyi baxımından kritik rol oynayır, və bölgədə yaranan hərbi-siyasi gərginlik birbaşa beynəlxalq bazarlara təsir göstərə bilər.

Siyasi şərhçi qeyd edib ki, əsas problem yaradan məsələ İranın raket proqramıdır.

"ABŞ İranın 253 kilometrdən uzaq məsafəyə vura bilən raketlərə malik olmamasını danışıqların əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Vaşinqtonun məqsədi İranın raket proqramının ciddi şəkildə məhdudlaşdırılmasıdır. İran isə bu tələbləri ölkənin suverenliyinə müdaxilə kimi qiymətləndirir və güzəştə getmək istəmir. Bununla belə, bu sahədə də qismən kompromis mümkündür. Belə ki, İran raket proqramının müəyyən hissəsinin məhdudlaşdırılmasına və beynəlxalq monitorinq altına alınmasına razılaşa bilər. Hazırkı mərhələdə ABŞ-nin İran ətrafında hərbi iştirakını və potensialını artırması Tehrana təzyiq məqsədi daşıyır. Bu addımlar Vaşinqtonun qətiyyətini nümayiş etdirməklə yanaşı, İrana üçüncü yolun olmadığını mesajını verir: ya danışıqlar masasında razılaşma, ya da hərbi zərbələr. İran hazırda kifayət qədər zəif mövqedədir. Xüsusilə mümkün hərbi zərbələr zamanı əhalinin tam səfərbər olunacağı sual altındadır. Əksinə, mövcud hakimiyyətə qarşı daxili narazılıqların yenidən alovlanması ehtimalı yüksək qiymətləndirilir. Hərbi əməliyyatlar başlayacağı təqdirdə, İran faktiki olaraq təcrid vəziyyətinə düşə bilər və ABŞ-nin hava və raket zərbələrinə effektiv cavab vermək imkanları məhduddur. İranın İsrailə və ABŞ bazalarına mümkün cavab zərbələri də Vaşinqtonda nəzərə alınır. ABŞ-də hesab edirlər ki, hazırda nadir bir fürsət yaranıb və bu fürsətdən istifadə etmək üçün risklərə baxmayaraq qərar vermək lazımdır. Məqsəd İranı ən zəif dövründə nüvə və raket proqramları ilə bağlı razılaşmaya məcbur etməkdir. Əks halda, hərbi ssenari istisna edilmir. Bu səbəbdən İran danışıqlara ciddi yanaşır və bütün vasitələrlə hərbi zərbələrdən yayınmağa çalışır. Bu danışıqlar Tehranın baxışında yalnız diplomatik manevr deyil. Danışıqların nəticə vermək ehtimalı kifayət qədər yüksəkdir. Lakin burada zaman amili həlledici rol oynayır. ABŞ yay aylarına qədər bu məsələ ilə bağlı yekun qərar vermək niyyətindədir. Əgər yaxın həftələrdə İran mövqeyini dəyişməsə, hərbi zərbələrlə bağlı qərar qəbul edilə bilər. Bu, həm də ABŞ-də noyabr ayında keçiriləcək Konqres seçkiləri ilə bağlıdır. Vaşinqton İran məsələsində seçki kampaniyası aktiv fazaya keçməmiş nəticə əldə etmək istəyir. Əgər hərbi variant seçilərsə, bu addım seçkilər öncəsi atılmalıdır. Məhz bu səbəbdən Donald Tramp administrasiyası İrana təzyiqləri artırır. Nəticə etibarilə, qarşıdakı 2–3 həftə kritik dövr hesab olunur. Əgər İran danışıqlar masasında real və ciddi niyyət nümayiş etdirməsə, hərbi ssenarinin reallaşması ehtimalı xeyli artacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az