“Tehran danışıqlarla vaxt qazanmağa çalışır” – Azər Həsrət

18 Fevral 2026 20:12 (UTC+04:00)

"ABŞ-nin tələblərini İranın yerinə yetirməyəcəyi gün kimi aydındır. Hazırkı şəraitdə İran sadəcə danışıqlar aparmaqla vaxt qazanmaq istəyir, eyni zamanda ABŞ-ı yavaşlatmaq və dünya ictimaiyyətini öz tərəfinə çəkmək imkanını qiymətləndirir. Yəni əsas məqsəd vaxt qazanmaqdır. Əslində ABŞ da bunu bilir, amma danışıqlarda iştirak edərək vəziyyəti izləyir. Lakin vaxtı gəldikdə, ABŞ artıq güc yoluna baş vurmalı olacaq, çünki İran masa arxasında ciddi qərarlar qəbul edə biləcək vəziyyətdə deyil. Burada söhbət İranı idarə edən ali dini rəhbərlikdən gedir. Əgər ölkədə prezidentin səlahiyyəti və imkanı olsaydı, onunla danışmaq və razılığa gəlmək mümkün olardı. Lakin ölkədə hakimiyyət ali dini rəhbərlikdə cəmləndiyindən, Ayətullah Xamenei başda olduğu sistemdə hər hansı kompromis əldə etmək çətindir. Bu səbəbdən, danışıqlar faktiki olaraq nəticəsiz qalacaq və nəticədə ABŞ İranı qarşı güc tətbiq etməyə məcbur olacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Xatırladaq ki, ötən gün ABŞ və İran arasında İsveçrənin Cenevrə şəhərində nüvə proqramı üzrə ikinci raund danışıqlar keçirilib. Rəsmi diplomatik platformada baş tutan görüşdə tərəflərin fərqli mövqeləri prosesi mürəkkəbləşdirib. İranı görüşdə xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ı isə Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner təmsil edib. Vaşinqton Tehrandan nüvə fəaliyyətini dayandırmağı və uzaqmənzilli raket proqramını məhdudlaşdırmağı tələb edib. İran isə uranın zənginləşdirilməsinə davam etmək mövqeyini bir daha təsdiqləyib. Eyni zamanda, danışıqların getdiyi müddətdə İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb, ABŞ isə boğaz üzərində kəşfiyyat uçuşları həyata keçirib. Bu, həm diplomatik, həm də hərbi gərginliyin eyni vaxtda artdığını göstərir.

Siyasi şərhçi bildirib ki, diplomatik prosesin müharibə riskinə təsirinə gəlincə, indiki mərhələdə risk artır.

"ABŞ o qədər arsenalı minlərlə kilometr uzaqdan gətirib ki, bu sadəcə nümayiş deyil, faktiki olaraq İranı fakt qarşısında qoyur ki, biz buradayıq və hücum etməyə hazırıq. İran dirəniş göstərdiyinə görə müharibə riski getdikcə yüksəlir. İranın bəyanatlarında ABŞ-ı məhv edəcəklərini bildirməsi, illərdir İsraili hədəf götürməsinə baxmayaraq, İsrailin güclənməsini əngəlləməməsi fonunda, real siyasət baxımından boş və mənasızdır. Normal, ağıllı dövlət idarəçiliyi belə qıcıqlandırıcı bəyanatlar verməməlidir. Əgər danışıqlar üçün imkan açılıbsa, niyə bundan istifadə edilməsin? Lakin İran bunu etmir, bu da müharibə riskini artırır".

Rəfiqə Namazəliyeva,

AzNews.az