“Azərbaycan sülhü erməni xalqı ilə bağlamaq istəyir” – Pərvanə Vəliyeva

19 Fevral 2026 15:07 (UTC+04:00)

"Sülh sazişinin mətni o şərtlə razılaşdırılıb ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilsin. Belə ki, Konstitusiyanın preambulasında qeyd edilən və istinad olunan Müstəqillik Aktı açıq-aşkar bəyan edir ki, Azərbaycanın suveren ərazisi olan Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. “Miatsuma” çağırışlar olan Konstitusiya dəyişmədən sülh müqaviləsi imzalana bilməz. Ermənistanın rəsmi mövqeyi də hazırda bu yöndədir. Ötən il Vaşinqtonda razılaşdırılan məsələlərə sadiqlik olmalıdır. Nədənsə, Ermənistan daxilində bəzi siyasətçilər bunu anlamaqda çətinlik çəkirlər, Vaşinqton sülhünü həzm etməkdə çətinlik çəkirlər. Prezident İlham Əliyevə Münhen Təhlükəsizlik Konfransı zamanı verilən təxribatçı sual da bu yöndə idi. İddia edilən Konstitusiya Məhkəməsinin qərarı Konstitusiyadan üstün ola bilməz. Konstitusiyada dəyişiklik olmalıdır, bu isə sadəcə vaxt məsələsidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Xatırladaq ki, Ermənistan parlamentində hakim olan “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyan bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişini iyunun 7-də keçiriləcək parlament seçkilərinə qədər imzalamağa hazırdır. Onun sözlərinə görə, sülh sazişinin mətni artıq razılaşdırılıb, paraflanıb və masanın üzərindədir. Deputat vurğulayıb ki, bu səbəbdən sənədin mümkün qədər tez imzalanması mümkündür. Xandanyan qeyd edib ki, Ermənistan seçkilərdən əvvəl bu prosesi başa çatdırmaq niyyətindədir və mətnlə bağlı razılığını verib. Onun fikrincə, prosesin davamı artıq Azərbaycandan asılıdır və bu məsələ Ermənistanın tam hazır olduğu mövzulardan biridir.

Deputat qeyd edib ki, yarımçıq sülh davamlı sülh deyil.

"Azərbaycan regiona dayanıqlı, əsrlər boyu davam edəcək sülhün gəlməsi üçün çalışır. O sülh ki, ondan təkcə hazırkı yox, gələcək nəsillər də faydalansın. Həm də, Ermənistanla Azərbaycan artıq sülhə nail olub, baxmayaraq ki, yekun sənəd imzalanmayıb. Tərəflər qarşılıqlı ticarət əlaqələri, logistika üzrə əlaqələr qurmaqla yanaşı, vətəndaş cəmiyyəti dialoqunu həyata keçirir və sərhədlərin delimitasiyasını aparır. Bu cür təxribatçı çıxışlar isə keçmiş narrativləri yenidən oyatmaq məqsədlidir və həssas olan sülh prosesinə ziyan vurur. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz sülhü Paşinyanla deyil, erməni xalqı ilə bağlamaq istəyirik. Bu o deməkdir ki, xalq olaraq onlar regionda sülh istəyirlərsə, referendumda səs verməlidirlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az