Etibar Hüseynov ev aldığı adamın “evini yıxdı”

17 Sentyabr 2013 18:29 (UTC+04:00)
Milli Məclisin deputatı tanışını tutdurub

Bir neçə gün əvvəl Milli Məclisin üzvü Etibar Hüseynovun Azadlıq prospekti - 88 ünvanında bir sot torpaq sahəsi üstündə dava etdiyi Rauf Qubadova qarşı bu gün Abşeron rayon Məhkəməsinin hökmü ilə 7 sutka həbs-qəti imkan tədbiri seçilib. Rauf Qubadovun yaxınları bildirib ki, dünən axşam gecə saatlarında Abşeron Polis İdarəsinin əməkdaşları Rauf Qubadovun yaşadığı Nəsimi rayon Azadlıq prospekti 88-də yerləşən evinə gələrək, deputatın şikayətinə əsasən onu həbs ediblər.

Ancaq məhkəmə prosesində Rauf Qubadovun vəkilinin iştirakına imkan verməyiblər.

R.Qubadovun vəkili Fariz Namazlı saytımıza açıqlamasında bildirib ki, onlara hakimlərin naharda olduğunu bildirərək, prosesdən kənarda saxlayıblar: "Biz prosesə qatılanda hakim müşavirəyə getmişdi. Yəni bizim prosesdən xəbərimiz olmadı. Hakim İlham Kərimlinin sədrliyi ilə keçən prosesdə Rauf Qubadova dövlət hesabına vəkil verilib".

Vəkili olduğu halda R.Qubadovun dövlət hesabına vəkillə təmin olunmasını anlaşılmazlıq hesab edən Fariz Namazlı Abşeron rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklərini dedi.

Qeyd edək ki, deputat bir müddət əvvəl Rauf Qubadovun Xırdalan şəhərindəki evini satın alıb. Evin yaxınlığındakı bir sot torpaq sahəsi tərəflərin narazılığına səbəb olub. Abşeron rayon Polis Şöbəsindən aldığımız xəbərə görə, şəxsin həbs edilməsinin deputatın şikayəti əsasında baş verdiyi bildirilib. Millət vəkili şikayət ərizəsində qeyd edib ki, Rauf Qubadov onu təhqir edib.

Deputatın niyə təkzib edirdi?

Məlumat üçün qeyd edək ki, hadisə iki gün öncə baş verim. Axar.az olaraq ilkin mənbədən aldığımız məlumatda bildirilirdi ki, deputat Etibar hüseynov Nəsimi rayonu, Azadlıq prospekti-88 ünvanında yaşayan bir sakini təhqir edib və onun ünvanına nalayiq sözlər işlədib. Yalnız qonşuların müdaxiləsindən sonra deputat hadisə yerindən uzaqlaşıb.

Etibar Hüseynov bu xəbəri birmənalı olaraq inkar etsə də, Azadlıq prospekti-88 ünvanında olub, mübahisə edən tərəfi – Rauf Qubadovu tapa bildik. R.Qubadov mübahisəni və deputatın onu təhqir etdiyini təsdiqlədi. R.Qubadovun bildirdiyinə görə, E.hüseynov ötən il ondan Xırdalan şəhərində yerləşən mənzilini satın alıb. Alğı-satqıya düşməyən və R.Qubadovun ixtiyarında qalan 1 sot torpaq sahəsini də deputatın ucuz qiymətə almaq istəyi tərəflərin narazılığına səbəb olub və mübahisə yaranıb.

Qeyd edək ki, R.Qubadov hörmətli deputatın onu təhqir etməsi ilə bağlı şikayət verdiyini bildirmişdi.

Yalnız xəbər mətbuata çıxdıqdan sonra hörmətli deputat Etibar Hüseynov Rauf Qubadovla mübahisə yaşadığını etiraf etdi və qarşılıqlı olaraq polisə müraciət etdiyini açıqladı.

E.Hüseynovun polisə müraciətindən cəmi bir gün sonra isə R.Qubadov Nəsimi rayonunda yerləşən evindən həbs edilərək, Abşeron rayon Polis İdarəsinə aparıldı.

Rauf Qubadovun həbsindəki müəmma

Tərəflər arasındakı mübahisə Nəsimi rayonu ərazisində baş verirsə, yəni hadisə Nəsimi rayonuna aiddirsə, Abşeron polisi niyə şikayəti qəbul etməlidir?

Digər tərəfdən, R.Qubadov şikayət verdiyi halda, niyə polis idarəsi qarşılıqlı şikayət verən deputatın ərizəsi əsasında cəmi bir günə fəaliyyətə keçməlidir?

Suallara aydınlıq gətirmək üçün DİN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Orxan Mansurzadə bildirdi ki, hadisənin baş verdiyi ərazi üzrə müvafiq polis bölməsinə müraciət edilir. Hadisəni təsdiq edən DİN rəsmisi bu məsələ ilə bağlı ətraflı məlumatı Abşeron rayon Polis İdarəsindən ala biləcəyimizi bildirdi.

Abşeron Polis İdarəsi rəisinin köməkçisi Samir Əsgərov isə təhqiqat şöbəsinin müdirinin və idarənin başqa yetkili zabitlərinin iş başında olmadığını söylədi. Şikayətlər və ərizələr şöbəsinin müdiri polis polkovnik-leytenantı Surxay Cəfərovla da əlaqə saxlamaq cəhdimiz uğursduz oldu.

Xəbər Axar.az-dan gəlir