Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur

19 Fevral 2026 15:57 (UTC+04:00)

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Aznews.az xəbər verir ki, onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.

Bəhruz Əsgərov 27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub. Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.