“ABŞ və Avropa əvvəlcə öz aralarında razılaşmalıdır” – Kənan Novruzov

19 Fevral 2026 19:48 (UTC+04:00)

"Mən Cenevrə danışıqlarının dərhal nəticə verəcəyini düşünmürəm. Lakin bu görüşlər göstərir ki, dialoq üçün bir pəncərə mövcuddur və tərəflər müəyyən çərçivədə anlaşma potensialına malikdirlər. Eyni zamanda, Cenevrə prosesində hər iki tərəf iştirak etmək istəyi göstərir, yəni dialoqa açıqdırlar. Amma məsələnin kökü daha dərin və struktur xarakterlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, 2026-cı il fevralın 17-də İsveçrənin Cenevrə şəhərində ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Təmaslar BMT-nin Avropa bölməsinin yerləşdiyi Palais des Nations binasında baş tutub. Görüş zamanı humanitar məsələlər, mümkün atəşkəs mexanizmləri, əsir mübadiləsi və mülki əhalinin təhlükəsizliyi müzakirə olunub. Tərəflər yekun sənəd imzalamayıb, lakin diplomatik kanalların davam etdirilməsi və məsləhətləşmələrin növbəti mərhələsinin təşkili barədə razılıq əldə edildiyi açıqlanıb.

Siyasi şərhçi qeyd edib ki, ABŞ ilə Avropa arasında davam edən müharibəyə münasibətdə ciddi fikir ayrılığı mövcuddur.

"Hazırda ABŞ və Avropa əvvəlcə öz aralarında razılığa gəlməlidirlər; bu olmadan Rusiya ilə Ukrayna arasında sülh əldə edilməyəcək. İki mümkün ssenari var: ya ABŞ Avropaya təsirini tam sərtləşdirərək onu proseslərdə passiv vəziyyətə gətirməlidir, ya da əvvəl ABŞ və Avropa öz aralarındakı fərqləri həll etməlidir ki, sonradan Rusiya-Ukrayna məsələsini həll etmək mümkün olsun. Bu ilkin razılaşma olmadan, məsələnin həll olunması real görünmür".

Rəfiqə Namazəliyeva,

AzNews.az