"Məlumdur ki, əslində BMT-nin yaradılma məqsədlərindən biri məhz belə böhranların qarşısını almaqdan ibarət idi. Nizamnaməyə əsasən, BMT Təhlükəsizlik Şurası münaqişələrin sülh yolu ilə həllində əsas rol oynayır, üzv dövlətlər arasında qarşıdurmaların tənzimlənməsi, sanksiyaların tətbiqi və zərurət yarandıqda hərbi əməliyyatların sanksiyalaşdırılması hüququna malikdir. Lakin son illərdə müşahidə olunur ki, ABŞ və digər güc mərkəzlərinin təktərəfli qərarlar qəbul etməsi fonunda Təhlükəsizlik Şurası mövcud mexanizmlərlə bir sıra hallarda çevik və nəticəyönümlü qərarlar qəbul etməkdə çətinliklər yaşayır. İran ətrafında yaranan gərginlik də bunu təsdiqləyir. Belə ki, münaqişə ehtimalının yüksəlməsi fonunda BMT yalnız diplomatik çağırışlar səviyyəsində reaksiya verə bilir ki, bu da təhlükəsizlik sisteminin məhdud imkanlarını ortaya çıxarır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarının real hərbi aqressiya riski yaratdığını bildirib. O, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Ceyms Kariukiyə ünvanladığı məktubda qeyd edib. Məktubda bildirilir ki, Trampın bəyanatları region üçün fəlakətli nəticələr doğura, eyni zamanda beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yarada biləcək hərbi müdaxilə ehtimalını artıra bilər.
Siyasi şərhçi qeyd edib ki, beynəlxalq hüquq baxımından preventiv, yəni qabaqlayıcı hərbi müdaxilə çox mübahisəlidir və yalnız məhdud legitimlik çərçivəsində qəbul edilir.
"BMT Nizamnaməsinin 51-ci maddəsi üzv dövlətlərə yalnız özünümüdafiə hüququ verir və bu hüquq yalnız faktiki hücum baş verdikdə tətbiq oluna bilər. ABŞ-ın və ya hər hansı bir dövlətin hələ baş verməmiş təhlükəyə əsaslanaraq hərbi əməliyyatlara başlaması beynəlxalq hüquqda qabaqlayıcı aqressiya kimi qiymətləndirilir və bu, prinsip etibarilə legitim sayılmır. Düzdür, bəzi hüquq institutları “təxirəsalınmaz təhdid” anlayışı ilə müdaxilə üçün şərtləri müzakirə etsələr də, bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qəbul olunmayıb və ciddi siyasi və hüquqi ziddiyyətlər doğurur. Bu baxımdan, BMT-nin sülhün qorunmasında rolu və preventiv müdaxilə prinsipi bir-biri ilə sıx bağlıdır. BMT Təhlükəsizlik Şurasının hər hansı hərbi əməliyyatı sanksiyalaşdırması faktiki hücum riski əsasında baş vermədikcə mümkün deyil. Bu isə üzv dövlətlərin özbaşına, təktərəfli hərəkət etməsi ehtimalını artırır və beynəlxalq hüququn tətbiqində boşluqlar yaradır. Bu vəziyyət əslində Azərbaycan və digər regional dövlətlər üçün də strateji əhəmiyyət daşıyır. Sanksiyalaşdırılmamış hərbi əməliyyatların nəticəsi yalnız İran və ABŞ arasında qarşıdurma ilə məhdudlaşmaya bilər. Yəni regionda humanitar böhran, enerji daşıyıcılarının təhlükəsizliyi və siyasi balansın pozulması kimi zəncirvari risklər ortaya çıxa bilər. Buna görə də dövlətlərin diplomatik vasitələrdən istifadə etməsi, çoxtərəfli dialoqu gücləndirməsi və BMT platformasında məsələləri həll etməyə çalışması vacibdir. Ümumi olaraq qiymətləndirsək, demək olar ki, İran ətrafında yaranan gərginlik BMT-nin preventiv və sanksiyalaşdırılmış hərbi müdaxilə mexanizmlərinin məhdudluğunu bir daha göstərir".
Rəfiqə Namazəliyeva,
AzNews.az