Azərbaycan futzal millisinin üzvləri heç bir ölkə təmsilçilərindən geri qalmırlar.
Aznews.az xəbər verir ki, Bunu Azərbaycan millisinin yeni məşqçisi Fərid Ələkbərov deyib.
O, inkişafın əsas faktorlarını və futzalçıların potensialını qiymətləndirib:
"İnkişaf üçün ilk növbədə çempionat güclənməli, komandaların sayı artmalıdır. Bu isə bizdən asılı olan məsələ deyil. Potensiala gəlincə, futzalçılarımız heç bir ölkənin təmsilçisindən geri qalmırlar. Sadəcə, rəqib ölkələrdə daha yaxşı şərait yaradılıb, oyunçular daha çox təcrübə toplayırlar. Bizimkilər onların 5 aya yığdığı təcrübəni 5 ilə qazana bilmirlər. Çünki lazımi şərait yoxdur. Burada futbolçuların heç bir günahı yoxdur".
Mütəxəssis həmçinin yeni vəzifəsi barədə danışıb:
"Təyinatla bağlı təklif çoxdan var idi. Onsuz da baş məşqçinin yanında olurdum. Bu yaxınlarda isə məsələ rəsmiləşdi. Baş məşqçiyə bacardığım qədər kömək edirəm. İnanıram ki, köməyim inkişafa səbəb olacaq".
F.Ələkbərov yığmanın hazırkı durumuna da toxunub:
"Uşaqlarımız yaxşıdır, onlarla işləyirik, psixoloji cəhətdən dəstək oluruq. İlk növbədə çempionatımız güclənməlidir. Milli artıq braziliyalılar cəlb olunmurlar, ancaq yerli uşaqlar oynayırlar. Bu, əslində yaxşı haldır. Sadəcə, onlara digərləri qədər şans vermək lazımdır. Nəticədən asılı olmayaraq, daha çox yoxlama görüşləri keçirilməlidir. Bu uşaqlar il ərzində yığma səviyyəsində cəmi 4-5 normal matç keçirirlər ki, bu da çox azdır. Çempionatda hər ay bir yaxşı oyuna çıxıb, sonradan bir ay istirahət etməklə inkişaf mümkün deyil. Burada heç kim möcüzə yarada bilməz. Maksimum çalışırıq ki, əlavə məşqlər salaq".
Qeyd edək ki, F.Ələkbərov ötən gün Azərbaycan millisinə məşqçi təyin olunub.