Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib

20 Fevral 2026 15:15 (UTC+04:00)

Prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunması, eləcə də istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə cari ilin fevral ayının 20-də jurnalistlər üçün "İstintaq sirri və media: ictimaiyyətin düzgün məlumatlandırılması prinsipləri" mövzusunda treninq təşkil olunub.

Aznews.az xəbər verir ki, tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli çıxış edərək media nümayəndələrinin istintaq sirri, informasiya təhlükəsizliyi və ictimaiyyətlə düzgün kommunikasiya sahəsində biliklərinin artırılmasının, həmçinin hüquqi çərçivədə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Treninqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media ilə əməkdaşlığının cəmiyyətin düzgün və operativ məlumatlandırılması baxımından əhəmiyyətindən danışaraq, bu istiqamətdə qarşılıqlı etimad və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.

Daha sonra Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Əyyub Bəşirov istintaq sirri təşkil edən məlumatların mahiyyəti, bu məlumatların vaxtından əvvəl və ya qanunsuz yayılmasının yaratdığı hüquqi və ictimai fəsadlar barədə çıxış edib.

Treninq interaktiv formada keçib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.