Multikulturalizm Mərkəzində Beynəlxalq Ana Dili Günü qeyd olunub

20 Fevral 2026 15:51 (UTC+04:00)

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Talış icması ilə birgə 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirib.

Aznews.az xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxışı zamanı ana dilinin hər bir xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və xalq yaddaşının əsas daşıyıcısı olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan tarixən müxtəlif xalqların sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı multikultural məkandır:

"Ölkəmizdə yaşayan bütün etnik icmaların ana dillərinin qorunması, öyrənilməsi və inkişafı üçün əlverişli şərait yaradılıb. Təhsil, mədəniyyət və media sahəsində bu dillərin istifadəsi və təbliği istiqamətində mühüm addımlar atılır".

Direktor onu da qeyd edib ki, Azərbaycanda dil siyasəti ümummilli maraqlara əsaslanır və bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə rəhbərliyinin ardıcıl, məqsədyönlü siyasətinin tərkib hissəsidir.

BBMM-in bu istiqamətdə fəaliyyətinə toxunan Rəvan Həsənov bildirib ki, Mərkəz müxtəlif xalqların ana dillərinin, mədəniyyətinin, adət və ənənələrinin yaşadılması, xüsusilə də gənc nəslə tanıdılması məqsədilə mütəmadi olaraq elmi-praktik konfranslar, dəyirmi masalar, təqdimatlar və maarifləndirici layihələr həyata keçirir.

Talış İcmasının ağsaqqalı professor İmamverdi Həmidov isə ana dilinin hər bir xalq üçün müqəddəs mənəvi sərvət olduğunu bildirib.

O qeyd edib ki, ana dili insanın dünyaya baxışını formalaşdıran, onun milli kimliyini və mənsubiyyət hissini gücləndirən əsas amildir.

Professor İmamverdi Həmidov bildirib ki, Azərbaycanda yaşayan talışlar hər zaman ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak ediblər və bu gün də dövlətin yaratdığı əlverişli şəraitdən faydalanaraq öz ana dillərini, folklor irsini, adət və ənənələrini yaşadırlar.

Müzakirədəki digər çıxışçılar da ana dilinin qorunmasının əhəmiyyətindən, Azərbaycanın multikultural dəyərlərinin möhkəmləndirilməsində dil faktorunun rolundan danışıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.