"Ümumiyyətlə, erkən yaş dövründə, xüsusilə də baxça yaşında uşaqların repetitor yanına göndərilməsi və ya hazırlıq kurslarına yazdırılması mənim fikrimcə, o qədər də xoş bir təəssürat yaratmır. Çünki həmin yaşda uşaqların oynamaq, məntiqi təfəkkürlərini inkişaf etdirmək və dərsdən fərqli olaraq oyunlar və əyləncələr vasitəsilə təcrübə qazanması onların gələcək inkişafı üçün daha yaxşı təməl formalaşdırır. Əksinə, uşağı 5 yaşında repetitor yanına göndərmək və ya kursa yazdırmaq ki, gələcəkdə daha yaxşı oxusun, məncə, yanlış bir yanaşmadır. Təfəkkürü, potensialı olan uşaq üçün erkən yaşda bu cür müdaxilə onun inkişafına ciddi fərq yaratmır. Əgər baxçada uşağa düzgün təlim və tərbiyə prosesi tətbiq olunursa, ciddi problem yaranmaz. Orta ümum təhsil məktəbində ibtidai sinifdən verilən dərslər uşağın qavrama potensialına uyğunlaşdırılmış olur. Yəni, uşağı hər hansı hazırlıq kursuna və ya repetitor yanına göndərərək fərqli nəticə əldə etmək mümkün deyil. 5-6 yaşlı uşaqları repetitor yanına aparıb hərifləri öyrətmək və ya kurslarda dərs keçmək onların yaş xüsusiyyətlərinə uyğun deyil. Bu yaşdakı uşaqların oynamaq və əyləncə meyli daha yüksəkdir, məntiqi təfəkkürü inkişaf etdirən oyunlar və fəaliyyətlər isə daha doğru və faydalıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, son illər valideynlər arasında “uşağım geri qalmasın” düşüncəsi erkən yaş təhsilinə marağı xeyli artırıb. Artıq 3–4 yaşlı uşaqlar oxu-yazıya, xarici dilə, riyaziyyata cəlb olunur, bağça isə sadəcə oyun yeri yox, akademik hazırlıq mərhələsi kimi görülür. Amma əsas sual budur: erkən yaşda verilən bu təhsil uşağın inkişafına həqiqətən xidmət edir, yoxsa gələcək problemlərin bünövrəsini qoyur? Erkən yaş dövrü bilik yığmaq yox, şəxsiyyətin, emosional sabitliyin və sosial bacarıqların formalaşdığı ən həssas mərhələdir. Bu mərhələdə edilən hər düzgün və ya yanlış addım uşağın bütün təhsil həyatına təsir göstərir.
Ekspert qeyd edib ki, bu prosesi əyləncəvi və oyun formasında həyata keçirmək uşaqlar üçün daha təbii və faydalıdır.
"Misal üçün, Finlandiya təhsil sistemində uşaqlar qətiyyən yorulmur. Orta ümum təhsil məktəbində tədris müddəti 4 saatla məhdudlaşdırılır və ev tapşırıqları yalnız təfəkkürün inkişafı istiqamətində verilir. Sinifdə verilən tapşırıqlar sinifdə həll olunur, evdə isə uşaqlar yalnız düşüncələrini və analiz qabiliyyətlərini inkişaf etdirən tapşırıqları yerinə yetirir. Misal üçün, uşaqlara film və ya cizgi film göstərilir və onların fikir və mülahizələrini ifadə etmələri tələb olunur. Bu yanaşma onların təfəkkürünü inkişaf etdirir, lakin onları test həll etməyə məcbur etmir. Hesab edirəm ki, Finlandiyanın nümunəsi göstərir ki, az yaşlı uşaqlara münasibət düzgün və balanslı olmalıdır. Bizdə isə valideynlər çox vaxt uşaqları repetitor yanına göndərir, kurslara yazdırır və test banklarından istifadə etdirirlər ki, uşaqlar daha ciddi hazırlaşsınlar. Bu, təhsil sistemimizin problemlərindən qaynaqlanır. Aşağı yaşlardan uşaqların repetitor yanına göndərilməsi, kurslara yazdırılması əslində imtihan qorxusuna və valideynlərin narahatlığına bağlıdır. Hesab edirəm ki, bu yanaşma yanlışdır və təhsil sistemi dəyişilməlidir. Orta ümum təhsil məktəblərində proqramlar ciddi şəkildə yenilənməli, tədris metodları təkmilləşdirilməlidir. Elə bir sistem qurulmalıdır ki, yuxarı siniflərdə uşaqlar universitetə hazırlıq istiqamətində rahat və səmərəli şəkildə təhsil ala bilsinlər. Müəyyən fənlər üzrə proqramlar sıfırdan sona qədər əhatə olunmalı, lakin lazımsız, ölkə və uşağın inkişafına bağlı olmayan mövzular proqramdan çıxarılmalıdır. Məsələn, tarix və coğrafiya fənləri üzrə tədris proqramı Azərbaycan tarixi və Azərbaycan coğrafiyası əsasında qurulmalıdır. Dövlət İmtahan Mərkəzi və digər təhsil qurumları proqramı bu prinsiplərlə formalaşdırmalı, uşaqların yalnız imtihana yönəlik deyil, həm də təfəkkür və bacarıqlarını inkişaf etdirəcək şəkildə tədris almasını təmin etməlidirlər. Məsələn, riyaziyyat və məntiq fənnləri qəbul imtahanında bütün dünyada əsas fənlərdən sayılır. Digər fənlər isə yalnız uşağın ixtisas və inkişafına uyğun olmalıdır. Hazırkı sistemdə bəzi fənlər və mövzular məntiqsiz şəkildə daxil edilir və proqramın təkmilləşdirilməsi çətin görünür. Bu səbəbdən mütləq ali təhsil şurası formalaşdırılmalı, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi ilə birlikdə proqramın, metodların və sistemin yenilənməsini təmin etməlidir. Məqsəd, uşaqların yalnız imtihana hazırlaşması deyil, həm də təfəkkürünün və bacarıqlarının inkişaf etdirilməsi olmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az