"Münhen Təhlükəsizlik Konfransı (MTK) artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda qlobal güc balansının, yeni siyasi narrativlərin və dövlətlərin mövqelərinin açıq şəkildə nümayiş etdirildiyi əsas diplomatik səhnəyə çevrilib. 2026-cı il Konfransının “Dağıdıcı siyasət dövrü – beynəlxalq nizama çağırışlar” mövzusu, əslində, mövcud beynəlxalq sistemin ciddi böhran içində olduğunu təsdiqləyir. Qaydaların aşındığı, güc siyasətinin normativ diplomatiyanı sıxışdırdığı bir mərhələdə dövlətlər artıq daha prinsipial və açıq mövqelər nümayiş etdirməyə məcburdurlar. Bu kontekstdə Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və xüsusilə France 24 kanalına verdiyi müsahibə siyasi baxımdan çoxölçülü əhəmiyyət daşıyır. Birincisi, Azərbaycan lideri adətən ölkəmizə qarşı qərəzli mövqe tutmuş Fransa mediasında öz baxışlarını birbaşa beynəlxalq auditoriyaya çatdırmaq imkanı qazandı. Bu, həm də informasiya müharibəsində diplomatik üstünlük yaratmaq deməkdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı 2026-cı il sessiyasında beynəlxalq nizamın sarsıldığı və dövlətlərin daha açıq, prinsipial mövqelər sərgiləməyə məcbur olduğu bir geosiyasi kontekst açıq şəkildə nəzərə çarpdı. Azərbaycan Prezidentinin iştirakı və verdiyi mesajlar ölkəmizin hüquq, diplomatiya və strateji maraqlara əsaslanan praqmatik mövqeyini beynəlxalq səviyyədə təsdiqlədi.
Deputat bildirib ki, Dövlət Başçımızın müharibə cinayətləri üzrə Azərbaycanın məhkəmə prosesini Nürnberq prosesinə bənzətməsi əhəmiyyətli hüquqi və tarixi mesajdır.
"Əsas vurğu ondan ibarətdir ki, ədalət və hüquq prinsipləri selektiv tətbiq oluna bilməz. Açıq məhkəmə, beynəlxalq müşahidə imkanları və hüquqi təminatlar Azərbaycan tərəfindən beynəlxalq hüquqa sadiqliyi nümayiş etdirir və müharibə caniləri üçün lazımi şərait yaradıb. Lakin onları azad etmək, Nürnberq prosesindəki faşistləri sərbəst buraxmaqla eyni məntiqə malikdir, hətta daha da ciddi nəticələr doğura bilər. ABŞ Vitse-prezidenti Ceyms D. Vens ölkəyə səfəri zamanı bu məsələni qaldırmışdı, lakin Azərbaycanın haqlı mövqeyi ona izah olundu. Azərbaycan ABŞ-dan istədiyi hər şeyi əldə etsə də, bu mövzuda prinsipiallıq qorundu. Bu, İlham Əliyev diplomatiyasının gücünü göstərir – ABŞ kimi lider ölkə ilə aparılan dialoqda belə strateji, gələcəyə yönəlik və milli maraqlara əsaslanan addımlar atmaq mümkün oldu. Qarabağdan köç etmiş ermənilərin geri dönməsi məsələsində Prezidentin mövqeyi balanslı və qarşılıqlı yanaşmaya söykənir. Azərbaycanın universal hüquq prizmasından yanaşması çərçivəsində yüz minlərlə Qərbi azərbaycanlının taleyi gündəmə gətirildi. Bu isə beynəlxalq diskursda uzun müddət kənarda qalmış mühüm ədalətsizliyi ön plana çıxarır. Qarabağdan köç etmiş ermənilər üçün lazımi şərait yaradılmış olsa da, hazırda Ermənistandan zorla deportasiya olunmuş qərbi azərbaycanlıların hüquqları tanınmır və onların çoxsaylı müraciətləri cavabsız qalır. Fransa–Azərbaycan münasibətlərinə dair arqumentlər isə Parisin ikili standartlarını üzə çıxarır. Bir tərəfdən Fransa Ukrayna və digər ölkələrin ərazi bütövlüyünü müdafiə edərkən, digər tərəfdən Qarabağda separatizmi dolayısı ilə dəstəkləyir. Sonda isə münasibətlərin gələcəyi ilə bağlı qeyd olunur: “Kopenhagendə ötən il Fransa Prezidenti Makronun dəvəti ilə görüş olmuşdu. Görüş müsbət keçdi. Azərbaycanın da son istəyi hansısa ölkə ilə problemlərin olması deyil. Hər iki tərəf münasibətlərin normallaşmasına hazırdır. Yaxın gələcəkdə yenidən görüş keçirilə bilər.” Bu, Azərbaycanın konstruktiv və praqmatik diplomatiyasının açıq mesajıdır. Zəngəzur dəhlizi (TRİPP marşrutu) ətrafında aparılan müzakirələr isə Azərbaycanın regional deyil, qitələrarası strateji aktora çevrildiyini göstərir. Marta Kos Avropa İttifaqının bu layihədə maraqlı olduğunu bildirib və Naxçıvanın dəmiryolu layihəsinin texniki-iqtisadi qiymətləndirməsinin aparılacağını qeyd edib. Bu layihə Çindən başlayaraq Avropaya qədər uzanan ərazidə bütün ölkələr üçün faydalı olacaq. Nəticə etibarilə, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq sistemdə daha açıq, prinsipial və təsirli aktor kimi çıxış etdiyini göstərdi. İlham Əliyevin diplomatiyası güc, hüquq və praqmatizmin balansına əsaslanır və bu, belə çətin geosiyasi şəraitdə Azərbaycanın mövqelərini möhkəmləndirən əsas amildir".
Rəfiqə Namazəliyeva,
AzNews.az