“İran Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır“

17 Sentyabr 2013 19:55 (UTC+04:00)
İran Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, bu, bir həqiqətdir. Bunu çərşənbə axşamı Trend-ə müsahibəsində Bakıda səfərdə olan İran Sərhəd Polisinin komandanı Hüseyn Zülfüqari deyib.

H.Zülfüqari bildirib ki, İranın mövqeyi bu məsələdə şəffaf və tam aydındır: "Siz İran İslam Respublikasının bu məsələ ilə bağlı mövqeyini dəqiq bilirsiniz. İran İslam Respublikası işğalın, kütləvi qırğın silahlarının, terrorizmin əleyhinədir, narkotik qaçaqmalçılığı və müharibənin əleyhinədir. Əgər bir ölkə başqa bir ölkənin ərazisini işğal edirsə, bizim siyasətimiz bundan ibarətdir ki, onun əleyhinə olaq".

Onun sözlərinə görə, İran sərhədçilərinin Azərbaycanın işğal altında olan əraziləri ilə heç bir əlaqə yoxdur: "Mənim sözümün mənası tam aydındır. Bizim orada qarşı tərəflə heç bir əlaqəmiz yoxdur. Bu bizim həmin bölgə ilə bağlı mövqeyimizdən irəli gələn bir məsələdir. Ümid edirik ki, bu bölgədə problem tezliklə öz həllini tapacaq".

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunacağı barədə yayılan informasiyalara inanmadığını deyən H.Zülfüqari bildirib ki, bir dost ölkənin digər bir dost ölkənin ərazisindən istifadə edilərək hücuma məruz qalmasını gözləməməsi təbidir: "Əlbəttə, bəzi qeyri-rəsmi məlumatlar var ki, guya kəşfiyyat, əməliyyatlar aparılıb. Lakin İran İslam Respublikası inanır ki, Azərbaycan dövləti heç vaxt belə bir fəaliyyətə icazə verməyəcək".

H.Zülfüqari vurğulayıb ki, İran və Azərbaycan sərhədçilərinin birgə fəaliyyəti nəticəsində iki ölkənin sərhədlərində təhlükəsizlik baxımından hər hansı bir problem yaşanmayıb: "İran və Azərbaycan sərhədləri elə buna görə də dostluq və sülh sərhədləri kimi tanınır".

AzNews.az