"Ermənistanın təkcə dəmir yolları deyil, bir sıra strateji əhəmiyyət daşıyan sektorları Rusiyaya verilib. Təkcə onu xatırlatmaq olar ki, 2024-cü ilədək bu ölkənin Türkiyə və İran sərhədləri yalnız Rusiya hərbçi-sərhədçiləri tərəfindən qorunurdu. Lakin 2018-ci ildə bu ölkənin rəhbərliyinə gələn Paşinyanın tutduğu yeni siyasi xətt, Qərblə əməkdaşlığı dərinləşdirməyə başlaması və Qarabağ müharibəsi fonunda Ermənistanın Rusiyadan uzaqlaşması daha da artdı. Ermənistan bunu “balanslı siyasət”lə izah etməyə çalışsa da, Rusiyanın buna nəticə etibarilə necə reaksiya verəcəyi hələ ki, bəlli deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, Ermənistanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş qərardır. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, belə bir addım mövcud sistemin qısa müddətdə çökməsinə və bunun nəticələrinin sıravi Ermənistan vətəndaşları üçün ağır olmasına səbəb ola bilər.
Siyasi şərhçi qeyd edib ki, hələlik ritorik və siyasi-diplomatik təhdidlər səsləndirilir.
"Bunun 2008-ci il Gürcüstan ssenarisi, yaxud Ukrayna ssenarisinə çevrilməsi ehtimalları müzakirə olunur, lakin müvafiq ehtimalları yetişdirən geosiyasi vəziyyət hələ ki, formalaşmayıb. Ermənistan ABŞ-la enerji, nəqliyyat-logistika sahələrində yeni əməkdaşlıqlara start verib. Ermənistanda bunu Rusiyanın ötən onilliklər ərzində müvafiq infrastrukturlara yetərincə, həm də müasir standartlara uyğun investisiya yatırmamasının təbii nəticəsi kimi təqdim etməyə çalışırlar. Doğrudur ki, 2015-ci ildən Metsamorun yenilənməsinə (ilkin mərhələ 2026-cı ilədək, ikinci mərhələ isə 2036-cı ilədək) Rusiya müəyyən vəsaitlər ayırıb, lakin gecikmələr, keyfiyyət və digər amillər, xüsusilə Rusiyadan enerji asılılığının azaldılması ehtiyacı fonunda Ermənistanın ABŞ-la nüvə əməkdaşlığına getməsinə səbəb olub. Sərhəd təhlükəsizliyində Ermənistanın iştirakı təmin olunub. Həmçinin yeni regional geosiyasi şərait və kommunikasiyaların açılmasına olan tələbat fonunda Qərbin təklifləri üstün gəlib. Beləliklə, bütün bunlar Rusiyanın Ermənistanda vaxtilə sahib olduğu üstün mövqeləri tamamilə itirməsi deyil, həmin mövqeləri digər aktorlarla paylaşmağa məcbur qalması kimi şərh oluna bilər. Rusiya Ermənistanın tamamilə itirilməsi halında, təbii ki, diplomatik dillə deyil, daha sərt formada reaksiya verər. Bu isə Ermənistanın aid olduğu regionun xarakterinə uyğun davrana bilməsi və Cənubi Qafqaza dair xarici güclərin maraqlarını nə dərəcədə uzlaşdıra biləcəyindən asılı olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az