DİN yanında İctimai Şuraya seçkilərdə sürpriz isimlər önə çıxdı

23 Fevral 2026 16:26 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib. Seçkilər vətəndaş cəmiyyəti institutlarının geniş iştirakı ilə, tam şəffaf, açıq, ədalətli və demokratik şəraitdə, həmçinin tam aşkarlıq prinsipləri əsasında təşkil olunub. Səsvermə prosesində namizədlər, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri iştirak edib, müşahidə imkanları təmin olunub.

İctimai Şuranın tərkibi 7 nəfərdən ibarət müəyyən edilib və bu yerlər üzrə 14 vətəndaş cəmiyyəti nümayəndəsinin namizədliyi qeydə alınıb. Səsvermədə 227 təşkilatın nümayəndəsi iştirak edib. Verilmiş bülletenlərdən 5-i etibarsız, 222-si etibarlı hesab olunub.

Səsvermənin nəticələrinə əsasən, seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun səsini toplamış aşağıdakı namizədlər DİN yanında İctimai Şuranın üzvləri seçiliblər:

1. Əliməmməd Mali oğlu Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
2. Vaqif Gülağa oğlu Abışov – DİN Polis Akademiyasının müəllimi, istefada olan polis polkovniki
3. Fərhad Rəsul oğlu Süleymanov – DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki
4. Zaur Vaqif oğlu Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin nümayəndəsi
5. İxtiyar Kərim oğlu Hüseynli – əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
6. Mehriban Heydərəli qızı Zeynalova – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
7. İbrahim Xudaverdi oğlu Zeynalov – Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı

Seçkilərin nəticələri dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafı və daxili işlər orqanlarının fəaliyyəti üzrə ictimai iştirakçılığın və dialoq mexanizmlərinin möhkəmlənməsi baxımından əhəmiyyətli hesab olunur.

AzNews.az