Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandıracaq media nümayəndələri üçün məlumatlandırma sessiyası keçirilib.
Aznews.az xəbər verir ki, görüş Medianın İnkişafı Agentliyi ilə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirinin məqsədi jurnalistləri foruma hazırlığın gedişatı, gündəliyi, prioritet mövzuları və gözlənilən nəticələri barədə məlumatlandırmaq olub. Beynəlxalq tədbirinin keçirildiyi günlərdə mətbuatın iş formatına və təşkilati məsələlərə xüsusi diqqət ayrılıb.
WUF13 üzrə Milli Əlaqələndiricinin müavini Gülşən Rzayeva qeyd edib ki, Azərbaycanın forumun ev sahibi seçilməsi həyata keçirilən dövlət siyasətinin effektivliyindən və ölkənin beynəlxalq nüfuzunun güclənməsindən xəbər verir. Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır, çünki forum ilk dəfə Cənubi Qafqaz regionunda baş tutacaq.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ölkə Ofisinin rəhbəri Anna Soave əlavə edib ki, WUF13-ə hazırlıq məhsuldar şəkildə həyata keçirilir:
"COP29 Azərbaycanı qlobal iqlim xəritəsində möhkəm şəkildə təsbit etdi. WUF13 isə ölkənin strateji rolunu təsdiqləyə bilər - həm münaqişədən sonrakı bərpa şərtlərinin dərk edilməsində, həm də həqiqətən innovativ siyasətin formalaşdırılmasında. Bu, can atmağa dəyər bir irsdir. Kütləvi informasiya vasitələri (KİV) bu prosesdə həlledici rol oynayır", - A.Soave bildirib.
Azərbaycan Medianın İnkişaf Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə öz növbəsində, böyük beynəlxalq tədbirlərin keçirilməsində KİV-in rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, COP29 yerli jurnalistlər üçün dəyərli təcrübə olub.
N.Məmmədli əminliyini ifadə edib ki, toplanmış praktikanı nəzərə alaraq, WUF13-də media nümayəndələrinin işləməsi daha asan olacaq. Bundan əlavə, o, şəhərsalma sahəsində profilli ekspertlərin çatışmazlığına işarə edib və qeyd edib ki, bu cür təlimlər jurnalistlərin bu sahədə məlumatlılığının artırılmasına kömək edir.