"Azərbaycan daim İranla yaxşı qonşuluq münasibətləri saxlamağa çalışıb və bu münasibətlər bəzən İran tərəfdən adekvat qarşılanmasa da, Azərbaycan öz mövqeyini heç vaxt dəyişməyib. Hazırda İran tərəfində baş verən radikal hərbi-siyasi hadisələr fonunda Azərbaycan üzərindən keçməli olan Şimal–Cənub dəhlizinin açılması məsələsi yenidən aktuallaşıb və Rusiyanın Qərbə və Şimala doğru kommunikasiya imkanlarının məhdudlaşdırılması səbəbindən bu marşrutun açılması Rusiya üçün də maraqlıdır. Bir müddət öncə İranda səfərdə olan Rusiya rəsmi nümayəndə heyəti ilə artıq aprel ayında Şimal–Cənub dəhlizinin İran ərazisindəki hissəsində real icra prosesinə başlanması üçün razılaşma əldə olunub və şübhəsiz ki, burada Azərbaycan açar nöqtədir. Çünki Şimaldan gəlib Cənuba doğru uzanacaq dəhliz məhz Azərbaycan ərazisindən keçəcək".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Bakıda səfərdə olan İranın yol və şəhərsalma naziri Azərbaycan rəsmiləri ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycan–İran Dövlət Komissiyasının iclası baş tutub və burada nəqliyyat sahəsində əməkdaşlıq, sərhəd infrastrukturunun inkişafı, eləcə də regional logistika layihələrinin icrası müzakirə edilib. Müzakirələrdə Şimal–Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi, tranzit potensialının artırılması və sərhəd-keçid mexanizmlərinin sadələşdirilməsi əsas prioritetlər kimi önə çəkilib.
Deputat qeyd edib ki, bu, Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, hər iki qonşu ölkə ilə iqtisadi münasibətlərin dərinləşməsinə xidmət göstərəcək, eyni zamanda Azərbaycanın öz yüklərinin də Şimal–Cənub dəhlizi vasitəsilə həm Şimala, həm də Cənuba daşınması imkanlarını yaradacaq.
"Ona görə də şərtlərin razılaşdırılması, koordinasiya məsələləri, yüklərin daşınmasının optimallaşdırılması, eləcə də mümkün vahid tariflərin formalaşdırılması kimi mövzular hazırda işçi qrupları səviyyəsində müzakirə olunur. Nəticə etibarilə, bu layihə Azərbaycanın regionda rolunu və təsir imkanlarını daha da artıracaq. Bununla yanaşı, məlumdur ki, İran–Azərbaycan münasibətləri zaman-zaman ziqzaqlı və proqnozlaşdırılması çətin olub. Bu baxımdan iqtisadi inteqrasiya eyni zamanda qarşılıqlı asılılıq deməkdir. Düşünürəm ki, bu proses paralel şəkildə Zəngəzur dəhlizi və Araz dəhlizi məsələlərində də İranın mövqeyinə təsir göstərməlidir. Araz dəhlizi bizim üçün maneəsiz keçid yoluna çevrilməli, Zəngəzur dəhlizi ilə bağlı İranın davam edən iddiaları isə aradan qaldırılmalıdır. Nəticə etibarilə, Azərbaycan öz mövqeyi ilə bir daha nümayiş etdirir ki, regional kommunikasiyaların şaxələndirilməsində maraqlıdır və bu proses heç bir tərəf üçün zərər daşımır".
Rəfiqə Namazəliyeva,
AzNews.az